“Roşa gələndən sonra məni saxlaya bilmirlər”
29.10.2011 - 23:04
“Roşa gələndən sonra məni saxlaya bilmirlər”
Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” müəyyən fasilədən sonra yenidən Quzanlıya qayıtdı. Qazonda təmir işləri aparılsa da, ot örtüyü ideal vəziyyətə gətirilməyib. Belə vəziyyətdə “Bakı”ya qarşı oynamaq nə dərəcədə çətin idi?
- “Bakı” ilə qarşılaşmalar həmişə gərgin keçir. Onlarla futbol oynamaq bizə zövq verdi. Çünki rəqib açıq futbola üstünlük verirdi. Fikrimcə, Quzanlıda çempionatın ən maraqlı oyunlarından biri baş tutdu. Qazon təzə düzəldiyinə, eyni zamanda yağış yağdığına görə, meydança çox ağır idi. 5-10 dəqiqədən sonra sanki otun deyil, qumun üzərində qaçırdıq.

- Komandanı meydana kapitan kimi siz yox, Fərhad Vəliyev çıxarmışdı. Bu, sizə necə təsir etdi?
- Heç bir təsiri olmadı. Açığı, birinci kapitanımız Fərhaddır. Fərhad oynayacağı bütün oyunlarda komandanı kapitan kimi meydançaya çıxaracaq. Əvvəlcədən razılaşmamız var.

- Ötən turlarla müqayisədə bu dəfə daha da hücumameylli oynadınız. Bu, nədən irəli gəlirdi?
- Evdə oynadığımıza görə, hücumların sayını, kəsərini artırmalı idik. “Neftçi” ilə matçda bir qədər ehtiyatlanırdıq. Deyirdik ki, daha çox hücuma keçsək, rəqib bizi əks-hücumlarda yaxalaya bilər. Odur ki, bir az arxadan oynayırdıq. Məndən öndə Roşa oynayırdı. Buna görə də məhz Roşa daha çox zərbə mövqeyinə çıxırdı.

- Roşadan söz düşmüşkən. Onun gəlişindən sonra sizin orta xətdə işiniz bir qədər azalıb. Oyun qurucusu funksiyasını yavaş-yavaş itirdiyinizi hiss edirsinizmi?
- Roşa yaxşı futbolçudur. Doğurdan da, komandaya xeyri dəyir. Əvvəl meydançaya çıxanda, rəqibdən bir nəfər sırf mənə qarşı oynayırdı. Odur ki, mənim üçün oynamaq çətin idi. Roşa gəldikdən sonra isə məni saxlaya bilmirlər. İndi oynamaq daha rahatdır.

- “Bakı” ilə oyunda komanda sizin qolunuzdan sonra qələbəni təmin etdi. Demək olarmı ki, qələbənin əsas memarı sizsiniz?
- Əsas məqsəd qələbə qazanmaq idi. Bizdə kimin qol vurmasının əhəmiyyəti yoxdur. Ən vacibi komandanın udmasıdır. Bizdə qol vuranla, vurmayan arasında heç bir ayrı-seçkilik qoyulmur.

- “Bakı”nın oyununda nə kimi incəlikləri sezdiniz?
- Onların heyətində çox təcrübəli və təhlükəli oyunçular var. Quzanlı kimi yerdə bizə qarşı açıq futbol ortaya qoydular. Fikrimcə, bizə qarşı hər komanda açıq futbol oynamağı bacarmaz.

- Demək olarmı ki, “Bakı” belə riskə getdiyi üçün uduzdu?
- “Bakı” tək bizə yox, bütün rəqiblərinə qarşı bu tərzdə oynayır. Aleksandr Starkovun iki hücumçunu birdən meydançaya buraxması, açıq, baxımlı futbolu dəstəkləməsinin göstəricisidir. Onlar hücuma çox sürətli çıxırlar. Açığı hesabda önə keçdikdən sonra bir az müdafiədən oynayıb, onları əks-hücumda tutmağa çalışırdıq. Əgər biz 90 dəqiqəni tam açıq futbol oyun sərgiləsəydik, bəlkə də gücümüz tükənərdi. Çünki son iki həftədə sıx qrafikdə oynamışıq. Əgər “Bakı”nı üstələmişiksə, deməli, gücümüzü düzgün bölüşdürmüşük.

- Son qələbə sayəsində xal ehtiyatınızı yüksəltsəniz də, lider “Xəzər Lənkəran”dan 6 xal az toplamısınız. Rəqibi nə vaxtsa arxada qoya bilərsinizmi?
- “Bakı” ilə oyundan sonra çempionatın birinci dövrəsinə son qoyuldu. “Altılıq” müəyyənləşənə qədər hələ çox oyun keçirəcəyik. Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanıb birinci pilləyə yüksələk.

- Demək olarmı ki, “Qarabağ”ın əsas rəqibi “Xəzər Lənkəran”dır?
- Sözsüz, əsas rəqib “Xəzər Lənkəran”dır. Eyni zamanda, “Neftçi”ni, “Bakı”nı, “İnter”i də unutmaq olmaz. Həqiqətən də, bu il daha çox komanda çempionlu uğrunda yarışır. Bizimdə şansımız az deyil. Yubiley çempionatını birinci kimi başa vurmaq istəyirik.

- “Qarabağ” ikinci dövrənin ilk oyununda “Sumqayıt Şəhər”lə görüşəcək. Sumqayıtda keçirilən ilk oyunda rəqibin ciddi müqaviməti ilə üzləşib, xal itirmişdiniz. Eyni vəziyyət yenə yarana bilərmi?
- Əgər rəqibləri zəif-güclü qrupuna bölsən, nailiyyət qazana bilməzsən. Bəlkə də, komanda birinci dövrədə “Sumqayıt Şəhər”i dəyərləndirmədiyinə görə, belə vəziyyət yarandı. Odur ki, biz bu dəfə eyni səhvlərə yol verməyib, oyuna çox aqressiv başlamalıyıq. Həmin oyun Quzanlıda baş tutacaq. Meydan amilindən yararlanıb, rəqibə şans verməməliyik.