“Neftçi” saxlamadığı məşqçinin qarşısına çıxan tapılmadı
30.10.2011 - 14:46
“Neftçi” saxlamadığı məşqçinin qarşısına çıxan tapılmadı
Asiya Futbol Konfederasiyasının kuboku uğrunda final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, final matçında Özbəkistanın “Nəsəf” klubu ilə Küveytin “Əl-Küveyt” komandaları qarşılaşıb. Matçın taleyi 7 dəqiqə ərzində həll olunub. 63 və 66-cı dəqiqələrdə fərqlənən özbəkistanlılar 69-cu dəqiqədə qol buraxsa da 2:1 hesablı qələbə qazanıb. Bununla da “Nəsəf” kuboka sahib olan ilk Mərkəzi Asiya təmsilçisi olub.

Asiya təmsilçisinin uğurunun memarı isə ukraynalı baş məşqçi Anatoli Demyanenkodur. “Neftçi”nin tarixinə düşən ukraynalı bakılıları çalışdırarkən də tarix yazıb. O, bu klubla avrokuboklarda 2 mərhələ keçən ilk, həm də yeganə məşqçidir. Mütəxəssisin İntertoto kubokundakı uğurundan sonra onunla yollarını ayıran ağ-qaralar Avropada heç 1 mərhələ də keçə bilmir.