“Bunun nəticəsini yaxın gələcəkdə mütləq görəcəksiniz” - MÜSAHİBƏ
31.10.2011 - 00:00
“Bunun nəticəsini yaxın gələcəkdə mütləq görəcəksiniz”  - MÜSAHİBƏ
Ukraynanın “Şaxtyor” klubunun futbol akademiyasının direktoru Patrik van Liuven “Qəbələ”nin rəsmi internet səhifəsinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, ukraynalı qonaq ölkəmizdə səfəri, “Qəbələ”nin akademiyasında gördükləri haqda fikirlərini açıqlayıb.

- Qəbələyə ilk səfəriniz sizdə hansı təəssüratlar oyatdı?
- Təəssüratlarım çox zəngindir. Ölkəniz, Qəbələ həqiqətən çox gözəldir. Səfərimiz səmərəli oldu. “Qəbələ” klubu, burada görülən işlər haqqında klub nümayəndələrinizin Donetskə səfəri zamanı eşitmişdik. İndi isə eşitdiklərimizin burada şahidi olduq.

- Qəbələ Futbol Akademiyası haqqında nə fikirdəsiniz?
- “Qəbələ” klubu futbol akademiyasını qurmaqla çox önəmli addım atıb. Amma bu, hələ işin yarısıdır. Ümumiyyətlə, futbol akademiyalarında gerçək nailiyyət qazanmaq üçün kifayət qədər sərmayəyə və vaxta ehtiyac var. Qısa zamanda böyük uğur əldə etmək o qədər də asan deyil.
“Qəbələ” klubu akademiyaya peşəkar mütəxəssislər heyətini cəlb etməklə doğru iş görüb. Eyni zamanda həmin mütəxəssislərə istər meydançada, istərsə də sahə xaricində hər cür imkanlar yaradılıb ki, bu da çox vacibdir. Qəbələ Futbol Akademiyasında görülən işlərin nəticəsini 1-2 ilə olmasa da, yaxın gələcəkdə mütləq görəcəksiniz.

- “Şaxtyor” Futbol Akademiyası ilə “Qəbələ” Futbol Akademiyasını müqayisə edərdiniz...
- Biz də bu işə 5 il əvvəl başlamışıq. Bizim əsas vəzifəmiz “Şaxtyor”un əsas komandası üçün futbolçu yetişdirməkdir. 2006-cı ildən “Şaxtyor” klubunun futbol akademiyasında çalışıram. Bu müddət ərzində 2 futbolçu hazırlayıb “Şaxtyor”un əsas heyətinə verə bilmişik.
“Qəbələ” Futbol Akademiyasının da əsas vəzifəsi klubun əsas komandası üçün futbolçular hazırlamaqdır. “Qəbələ”də bizdə də olduğu kimi kəmiyyətə yox, keyfiyyətə diqqət yetirilir. Biz də burada olduğu kimi əvvəlcə meydançalar düzəltməyə başladıq. Sonra istedadlı uşaq futbolçular arayıb tapdıq. İndi də sərəncamımızda olan futbolçuların üzərində işləyib, onları peşəkar səviyyəyə çatdırırıq. İnkişaf yoluna nəzər salsaq, görərik ki, “Şaxtyor”la “Qəbələ” klubları arasında oxşarlıq çoxdur.