Fariz Nəcəfov: Gözlənilməz nəticələrlə ən çox “Qəbələ” üzləşir
31.10.2011 - 15:28
Fariz Nəcəfov: Gözlənilməz nəticələrlə ən çox “Qəbələ” üzləşir
“Komandada hər şey qaydasındadır. Məşqçilərlə futbolçular arasında problem yoxdur. Sadəcə, müəyyən nəzərə çarpmayan xırda problemlər var ki, onu da baş məşqçimiz Toni Adamsla danışmışıq və aradan qaldırılacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Cari mövsümdə iddiası artan komanda mükafatçılar sırasına avrokuboklara çıxmağı qarşısına məqsəd qoyub. Ancaq hələlik ümidləri tam doğrultmayan Toni Adamsın yetirmələri I dövrənin son turunda evdə autsayder “Simurq”a uduzmaqla (0:2), azarkeşlərini üzdü.

Nəcəfovun sözlərinə görə, I dövrəni 6-cı yerdə bitirən komandanın çıxışına təsir göstərən kiçik problemləri müəyyənləşdiriblər və bunun yoluna qoyulmağı ilə vəziyyət düzələcək: “Yəqin ki, yaxın vaxtda komandamız başqa cür oynayacaq. Futbolçularla məşqçilər arasında nəticəyə təsir göstərəcək hər hansı böyük, ciddi problem yoxdur. Mən bunu araşdırmışam, futbolçularla, məşqçilərdə görüşlərim olub. Gözləyək, görək qarşıdakı oyunlarda necə çıxış edəcəyik. Hazırda “altılıq”dayıq və yuxarıda olan komandalar bizdən çox aralanmayıb. “Simurq”a məğlub olmağımız gözlənilməz oldu. Ancaq inanıram ki, yaxşı olacaq. Problem olanda deyilir, onunla da məsələ həll olunur. Hər komandada xırda-xırda müəyyən problemlər olur. İnşallah, biz xırda problemlərimizi həll edəcəyik”.

Nəticəyə görə ilk növbədə baş məşqçi məsuliyyət daşıyır. Klub rəhbərliyin də ondan nəticə tələb etməyi normal haldır. Maraqlıdır, Adams rəhbərliyə hesabat verən zamanı yaranan vəziyyət, gələcəklə bağlı düşüncələri necə olub: “Bunu Toni Adamsdan soruşsanız, yaxşı olar. Baş məşqçimiz hesabatında hər şeyin yaxşı getdiyini söyləyir. İnşallah, oyundan-oyuna yaxşı olacaq. Baş məşqçimizə etimad göstəririk. Adams tərəfindən hər şeyin yaxşılığa doğru getdiyi söylənilir. Çempionatda gözlənilməz nəticələr çox olur. Belə nəticələrlə ən çox “Qəbələ” üzləşir. Komandamızın çıxışı ilk dövrədə çıxışı, nəticəsi daha yaxşı ola bilərdi”.

Mehman SÜLEYMANOV