Zaur Ramazanov: O kimdi ki, mənə oxşasın
31.10.2011 - 15:59
Zaur Ramazanov: O kimdi ki, mənə oxşasın
Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Bildiyimizə görə, İran futbolu ilə yaxından maraqlanırsınız. Hətta Təbriz klublarını Azərbaycana gətirməkdə maraqlısınız. Bu səfər nə vaxt baş tuta bilər?
- Dəvət əsasında İranda olmuşam. Təbriz klubları Azərbaycana gəlib, yoxlama oyunu keçirə bilərlər. Yeganə problem vaxtla bağlıdır. Onlarda fasilə olanda, bizdə çempionat gedir. Amma gələ bilərlər.

- Artıq futbolla vidalaşmısınız. Maraqlıdır, həvəskar səviyyədə olsa belə, futbol oynayırsınız?
- Hərdən belə hallar olur.

- Əvvəlki hərəkətlilik, sürət qalıbmı?
- Yox. Kökəlmişəm. Çəkim xeyli artıb. Amma bilirsiniz ki, artıq çəki mənim üçün heç vaxt problem olmayıb. İstənilən çəkidə oynamışam.

- Çempionatımızda artıq ilk dövrəyə son qoyulub. 11 turu necə xarakterizə edərdiniz?
- İndi yalan danışmaq istəmirəm. Əgər desəm ki, çempionatın bütün turlarına baxıram, izləyirəm, yalan danışaram. Arada təsadüfən televizoru açıram, görürəm ki, oyun gedir. Bu zaman oturub, 1 hissəyə, bəzən də axıra kimi baxıram.

- Yəqin ki, sabiq komandanız “Xəzər Lənkəran”ın lider olduğunu bilirsiniz. Sizcə, bu komanda liderliyi sona qədər qoruyub, çempion ola biləcəkmi?
- Əlbəttə ki, “Xəzər Lənkəran”ın şansları var. O biri klublara baxanda, “Xəzər Lənkəran” normal futbol oynayır. Bir də “Qarabağ”ın oyun tərzini bəyənirəm.

- Uzun müddət futbol oynadıqdan sonra kənara çəkildiniz. Bu sahədən niyə birdəfəlik uzaqlaşmaq istəyirsiniz?
- Mən məşqçi işləyə bilmərəm. Bu işi həyata keçirmək mənim üçün çox çətin olar. Futbolçu karyerasını bitirdikdən sonra başqa nə işlə məşğul ola bilər ki? Əgər “Xəzər Lənkəran”da qalsaydım, bəlkə də bu günə qədər oynayırdım. Rednik ki, gəlib, öz qanunlarını qoyub, yolunu müəyyənləşdirdi, bu da mənimlə düz gəlmədi. Odur ki, dedim futbolu elə lənkəranlı azarkeşlərin gözü qarşısında bitirim.

- Qardaşınız Ağabala Ramazanov yolunuzu davam etdirir. Amma son turların birində hakimlə mübahisə edib, 4 oyunluq cəzalandırılıb. Onunla bu barədə söhbətiniz olubmu?
- Eşitdim bu haqda. Soruşdum özündən ki, bəs nə məsələdir? Dedi ki, hakimlə mübahisə etmişəm. Dedim ki, hakimi öldürüb eləməmisən ki? Dedi yox. Mən başa düşə bilmirəm, Ağabala nə edib ki, ona 4 oyun cəza veriblər. Tam başa düşmədim. Ağabala günahının olmadığını dedi, amma mən ona inanmıram. Günahı olmasa, cəzalandırmazlar. Amma 4 oyun istənilən halda çoxdur.

- Sizin də vaxtilə hakimlərlə probleminiz olub. Demək olarmı ki, Ağabala bəzi hərəkətlərdə sizə oxşayıb?
- O kimdir ki, mənə oxşasın. Mən Zauram, o isə Ağabala. Biz qardaşıq. Ona deyirəm ki, özünü mənə oxşatma. Çünki mən Zaur olmuşam, sən isə hələ heç kimsən. İnanıram ki, yaxşı oyun göstərib gələcəkdə mən və digər hücumçularla müqayisə olunar.

- Cəmi 11 tur oynanılsa da, hakimliklə bağlı çoxlu müzakirələr meydana gəlir. Yəqin ki, bu barədə eşidirsiniz...
- Qardaşım, hakimlərin səviyyəsi sıfır dərəcəsindədir. Çox zəifdirlər. Qərar verməkdə çətinlik çəkirlər. Hərdən baxıram, televiziya ekranlarına çıxırlar. Boş-boş söhbətlər edirlər.

- Sizcə, hakimliyin əsas problemləri nədir?
- Bilirsiniz necədir, gərək bizim hakimlər çıxıb özlərini haradasa göstərsinlər, təcrübə qazansınlar. Mən bilirəm ki, hamını rəsmi oyunlara çağırmırlar. Heç olmasa gedib, Antalyada yoxlama oyunlarını idarə edib, özlərini göstərsinlər. Türklər belə edir. Düzdür, bizimkilər də səfərə gedirlər. Amma hər şey göz qabağındadır. Hakimlik ümumiyyətlə zəifdir. Bəlkə də, bizim hakimlər səfərə vaxt öldürməyə gedirlər.

- Özbəkistanlı Rovşan İrmatov dünya çempionatının final mərhələsində ədaləti qoruyur. Bizimkilər bu uğura yaxın gələcəkdə ümid edə bilərlərmi?
- Bizim o mərhələyə gəlib çıxmağımıza çox var. Gəl, onu yadından çıxar.

- Çempionatın təşkilatçılığı barədə nə deyə bilərsiniz. Sizcə, nə kimi dəyişikliklər var?
- Təşkilatçılıq həmin təşkilatçılıq, çempionat həmin çempionatdır. Hər şey necə var, elədə qalıb. Biz bu cür görmüşük, belə də gedəcək. Çempionatda nə dinamik inkişaf var, nə də ki, azalma. Azərbaycan çempionatı orta səviyyəlidir.

- Sizin yaşıdlarınızdan demək olar ki, heç kim qalmayıb. Artıq Kənan Kərimov, Xaqani Məmmədov, Mahmud Qurbanov, Emin Quliyev və digərləri yüksək səviyyədə futbol oynamırlar. Bu futbolçuların yeri dolacaqmı?
- Bəzi klublarımız uşaq futboluna diqqət ayırırlar. İnanıram ki, gənc nəsil yetişəcək. Gözləyirik, bəlkə gəldilər.

- Futbola qayıdası olsanız, hansı işlə məşğul olarsınız?
- Bilirsiniz ki, uzun müddət futbol oynamışam. Azərbaycan millisi ilə yanaşı, “Xəzər Lənkəran”ın “Qarabağ”ın, “Karvan”ın da uğurları üçün çalışmışam. Hər oyunda istəmişəm ki, qol vurum, komandama xeyir verim. Bu, bəzən alınıb, bəzənsə yox. İndi yalandan deyə bilmərəm ki, futboldan birdəfəlik getmişəm, kim çağırsa qayıtmaram, yalan olar. Sabah elə bir təklif, dəvət ola bilər ki, o məni futbola qaytarar.

- Hazırda bəzi yerli mütəxəssislərimiz işsiz qalıb. Bu barədə hansı fikirdəsiniz?
- Mən başa düşə bilmirəm ki, bizim klublar başqasını gətirib, yedizdirməkdə nə görüblər? Azərbaycanda cavan mütəxəssislər qalıb kənarda. Yunis Hüseynov, Nazim Süleymanov, Arif Əsədov və digərləri bu gün işləməlidirlər. Əgər bunların məşqçilik bacarığı olmasa, heç adlarını çəkmərəm. Yunis Hüseynovla özüm də işləmişəm. Bu adam işini çox mükəmməl bilir.