Rəşad Sadıqov milli komandanın heyətindən çıxarıldı
01.11.2011 - 11:10
Rəşad Sadıqov milli komandanın heyətindən çıxarıldı
“İstənilən halda, zədə almaq üzücüdür. Xüsusilə, mövsümün belə gərgin anında”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

29 yaşlı futbolçu dünən məşqdə dirsəyindən zədələnib. Müayinə zamanı Sadıqovun qolunda sınıq müəyyənləşib. Zədələnmiş hissəyə gips qoyulub. İlkin təxminlərə görə Rəşad ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Azərbaycan millisinin kapitanı olan Sadıqov klubunun rəsmi saytına açıqlamasında bildirib ki, həyatda heç kim zədədən sığortalanmayıb: “Qarşıdan gələn millinin 2 oyunda da çıxış edə bilməyəcəyəm. Belə baxanda, yenə şükür edirəm. Daha ağır zədələnə bilərdim. İndi qolum sarğıdadır. Mümkün qədər özümü yormamalıyam. Nə etmək olar? Futbolçu həyatı zədələrdən sığortalanmayıb. Sağlamlıqla oyun oynamaq olmaz. Çalışacağam ki, ən qısa zamanda sağalıb meydana dönüm. İnanıram ki, həm yığmada, həm də “Qarabağ”da yoxluğum hiss olunmayacaq”.

Xatırladaq ki, yığmamız noyabrın 11-də Tiranada Albaniya, 4 gün sonra Berlində “Union Berlin” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Sadıqov zədə aldığından həmin oyunlarda iştirak etməyəcək.
0