Rəşad Sadıqovun zədəsi sonda Kamran Ağayevi sevindirəcək
01.11.2011 - 11:40
Rəşad Sadıqovun zədəsi sonda Kamran Ağayevi sevindirəcək
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun zədələnməsi yığmamız üçün itki olsa da, bundan bəhrələnən də olacaq. Apasport.az saytının məlumatına görə, 29 yaşlı mərkəz müdafiəçisinin yığmanın 2011-ci ildəki son oyunundan kənarda qalması millimizin qapıçısı Kamran Ağayev üçün sərfəli olub. Belə ki, Rəşadın zədəsi 25 yaşlı qolkiperə mükafat qazandıracaq.

Məsələ ondadır ki, AFFA hər ilin sonunda yığmada ən çox oynayan futbolçunu mükafatlandırır. Ötən il belə mükafat Mahir Şükürova nəsib olmuşdu. Təbii ki, bu ilin sonunda da yığmada ən çox oynayan öz mükafatını qazanacaq.

Bu il 9 oyuna çıxan yığmamızda hamıdan çox oynayan isə 2 nəfərdir. Bunlar da bütün oyunları əvəzolunmadan keçirən Rəşadla Kamrandır. Yığmamız bu il 10-cu, sonuncu matçını Tiranada Albaniyaya qarşı keçirəcək. Həmin görüşdə Rəşadın oynamayacağı dəqiqləşdiyindən Ağayevə cəmi 1 dəqiqə meydanda olmaq kifayətdir ki, AFFA-nın mükafatını qazansın.

Əgər baş məşqçi Berti Foqts son oyunda Kamrana da istirahət versə, hər 2 futbolçu mükafata layiq olacaq. Çünki onlardan 1 oyun az keçirib liderlərə çatmaq imkanı olanlar eyni sayda qarşılaşmanın iştirakçısı olsa belə, dəqiqə sayında Rəşadla Kamrana çatmayacaq.

Qeyd edək ki, klublarla oyunlar qeyri-rəsmi xarakter daşıdığından və heç bir statistikada nəzərə alınmadığından yığmamızın 2 belə matçı hesablanmır.