Elxan Məmmədov: Bakıdakı oyunlar 125-dən çox ölkədə canlı yayımlanacaq
02.11.2011 - 14:19
Elxan Məmmədov: Bakıdakı oyunlar 125-dən çox ölkədə canlı yayımlanacaq
Gələn ilin payızında Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatının final mərhələsi diqqət mərkəzində olacaq. Bu barədə apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Bakıda həlledici mərhələnin oyunları 125-dən çox ölkədə canlı yayımlanacaq.

“FİFA-nın belə bir turnirinin Azərbaycanda keçirilməsi böyük, tarixi hadisədir. Demək olar ki, ölkəmizdə FİFA və UEFA tərəfindən belə bir böyük tədbir keçirilməmişdi. Bildiyiniz kimi, dünyanın 15 ən güclü komandası Bakıya gələcək, 16-cı komanda final mərhələsini keçirən Azərbaycan olacaq. FİFA tərəfindən 125-dən çox ölkədə canlı yayım təşkil olunacaq. Bu, bizim üçün böyük sınaq olacaq. Bu sınaqdan yaxşı çıxsaq, o zaman FİFA və UEFA-nın növbəti yarışlarının final mərhələsi Azərbaycanda keçirilməyinə müraciət edə bilərik. Əsas odur ki, gələn dünya çempionatını ölkəmizdə yüksək səviyyədə keçirək” – deyə, Məmmədov bildirib.

Həmin dünya çempionatının talismanının milli komandamızın Avro-2012-in seçmə mərhələsində Avstriya yığması ilə “Dalğa Arena”dakı oyununda rəsmi təqdimatı oldu. Bununla, maskota ad verilməsi ictimaiyyətin ixtiyarına verildi. Baş katib məsələyə bu ay aydınlıq gələcəyini bildirib: “Artıq ictimaiyyət tərəfindən adlar, təkliflər gəlir. Sözün düzü, müxtəlif adlardır. Artıq noyabrın sonuna kimi adı açıqlayacağıq”.