Maradona məscid tikdirəcək
03.11.2011 - 12:21
Maradona məscid tikdirəcək
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona xeyirxah təşəbbüslə çıxış edib. Apasport.az saytının məlumatına görə, 51 yaşlı dünya çempionunun Dubayda məscid tikdirəcəyi açıqlanıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdıran Maradona son vaxtlar həm dünya mediasında təzyiqlərlə, həm də BƏƏ-də uyğunlaşmaq problemi üzündən yeni komandasında ilk həftələrdə məğlubiyyətlərlə üzləşib. Baş məşqçi bunlara cavab olaraq fərqli addım atmağı qərara alıb.
Belə ki, Maradona 21 yaşında avtomobil qəzasında həlak olan “Bani Yas” komandasının futbolçusu Ziyab Avanenin ailəsini ziyarət edərək, onun xatirəsinə məscid tikdirəcəyini elan edib.

Qeyd edək ki, Maradonanın pərəstişkarları 2003-cü ildə Argentinada onun adına kilsə inşa etdiriblər.