Rauf Mehdiyev: Ötən çempionat indikindən daha maraqlı idi
03.11.2011 - 14:07
Rauf Mehdiyev: Ötən çempionat indikindən daha maraqlı idi
“Ötən mövsüm yaxşı günlər yaşadıq. Düzdür, indi də çempionluq uğrunda mübarizə aparırıq. Çünki komandamızın məqsədi hər zaman zirvədə olmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev deyib.

Bu gün Premyer Liqanın 2010/2011 mövsümünün qaliblərinə mükafatlar təqdim ediləcək. Ötən mövsümü zirvədə tamamlayan və 6 illik fasilədən sonra çempion olan “Neftçi” qızıl medallarına qovuşacaq. Təbii ki, komandanın bu uğuru əldə etməsində Mehdiyevin də əməyi az deyil.

Onun fikrincə, ötənilki çempionat daha maraqlı idi: “Onda gərgin mübarizə gedirdi. Sonda çempion olduq və məqsədimizə çatdıq. Bəzi hakimlərin bizə kömək etməsinə gəlincə, kim nə deyirdisə, fikir vermirdik. Uduzan komandalar hər zaman hakimi günahlandırırdılar. Futbolu futbolçular oynayır. Qazanılan uğur kollektivin əməyidir. Hakim penalti verə bilər, əsas onu dəqiq yerinə yetirməkdir”.

Böyükağa Hacıyevin baş məşqçi təyin edilməsindən sonra ehtiyatda qalan Mehdiyev çalışdırıcı ilə aralarında ciddi problemin olmadığını söyləyib: “Niyə oynamamağımı məşqçilər daha yaxşı bilir. Hazırlaşıram, məşqlərimi edirəm, şansımı gözləyirəm. Baş məşqçi ilə aramızda böyük problem yoxdu. Xırda söz-söhbətlər hər yerdə olur”.

Qapıçı şənbə günü “Xəzər Lənkəran”la keçirəcəkləri oyun haqda da danışıb: “Xəzər Lənkəran” hazırda bizi 4 xal qabaqlayır. Qələbə qazanmaqla, bu fərqi minimuma endirə bilərik. Meydana da bu istəklə çıxacağıq”.
0