Millimizin qatılacağı turnirdə rekord
03.11.2011 - 16:26
Millimizin qatılacağı turnirdə rekord
Azərbaycan yığmasının (U-17) qatılacağı Valentin Qranatkinin xatirə turnirində ciddi dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək sayca 24-cü yarışda yeni rekord müəyyənləşəcək. Bu, iştirakçıların sayı ilə bağlıdır.

Belə ki, 1981-ci ildən start götürən yarışların tarixində ilk dəfə mükafatlar uğrunda 12 komanda mübarizə aparacaq. 1981-1992-ci illərdə 6, fasilədən sonra bərpa olunan və 2001-2011-ci illərdə 8 komandanın iştirakı ilə keçirilən yarışda indiyədək bu qədər yığma oynamamışdı.

Gələn il yarışa qatılacaq 12 komandadan 11-nin adı da artıq məlumdur. Ardıcıl 4-cü dəfə turnirdə oynayacaq millimiz Belarus, Çin, Çexiya, Finlandiya, İtaliya, Latviya, Litva, Rusiya, Türkiyə, Ukrayna və hələ müəyyənləşməyən 12-ci komanda ilə mübarizə aparacaq.

Qeyd edək ki, əsasnaməyə uyğun olaraq gələn il yarışda 1994-cü il təvəllüdlülər çıxış edəcək.