Böyükağa bitirdi, Böyükağa davam etdirə biləcək?
03.11.2011 - 20:00
Böyükağa bitirdi, Böyükağa davam etdirə biləcək?
“Neftçi” Premyer Liqanın II dövrəsinin ilk turunda “Xəzər Lənkəran”la ev oyununa 978 günlük sindromu qırmaq üçün çıxacaq. Apasport.az saytının məlumatına görə, bakılılar prinsipial rəqibini “Böyük oyun”da sonuncu dəfə 2009-cu ilin aprelin 12-də məğlub edib.

Həmin qələbə 2008/09 mövsümünün XII turunda aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qeydə alınıb. Onda “Neftçi”nin türkiyəli hücumçusu Əli Cansun uzatma dəqiqələrində vurduğu qolla komandasına qələbə qazandırmışdı. “Ağ-qaralar” bundan sonra Lənkəran təmsilçisi ilə ölkə kubokunu da nəzərə alsaq, 11 dəfə görüşüb. Həmin oyunların 3-də cənub təmsilçisi qalib gəlib, 8-i bərabərliklə nəticələnib. Özü də heç-heçələr 0:0, yaxud 1:1 hesabı ilə olub.

Çempionatda oyunların ümumi balansına nəzər saldıqda, üstünlüyün “Neftçi”nin tərəfində olduğunu görə bilərik. Belə ki, “ağ-qaralar” 6, cənub təmsilçisi 4 görüşdə meydanı qalib tərk edib, qalan 9 oyun bərabərliklə nəticələnib. Topların fərqi bərabərdir – 15:15.

Bakılıların 11 oyundan 8-də baş məşqçisi Arif Əsədov, 2-də Vaqif Sadıqov, 1-də indiki çalışdırıcısı Böyükağa Hacıyev olub. Maraqlıdır ki, “Neftçi”nin “Xəzər Lənkəran” üzərində son qələbəsini qazanan baş məşqçisi Böyükağa olub. Ancaq bu, Hacıyev yox, Ağayev soyadlı mütəxəssisdir. İndi Böyükağa Hacıyev adaşının yarımçıq qaldığı işi davam etdirməlidir.

“Neftçi” barışmaz rəqibini adətən Respublika stadionunda qəbul etsə də, bu dəfə belə olmayacaq. Çünki mərkəzi arena gələn yaya kimi təmirə bağlanıb və bakılılar rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu qəbul edir. Düzdür, komanda ötən tur “Turan”la ev oyununu “Dalğa Arena”da keçirdi. Ancaq bu, Bakıxanov qəsəbə stadionunun qazonunu derbi matça kimi yaxşı vəziyyətdə saxlamaq üçün edilmişdi. “Böyük oyun”un iştirakçıları indiyə kimi 1 dəfə Bakıxanovda görüşüblər. Bu, 2009/10 mövsümünün “altılığ”ında olub və matç qolsuz bərabərliklə nəticələnib.

Həmin mövsümdən başlayaraq, “Neftçi” – “Xəzər Lənkəran” duelində az məhsuldarlıq olur. Təsadüfi deyil ki, həmin mövsümdə 4 oyunun heç birində ümumiyyətlə, qol vurulmadı. Sonrakı 5 oyunda isə 6 qol vurulub. Son 2 ildə istisnanı yalnız ölkə kuboku təşkil etdi. Belə ki, azarkeşlər bu il martın 2-də Respublika stadionunda 7 qol izləyə bildi. Həmin vaxt kubokun 2 oyununda 9 qol vuruldu ki, çempionatda 5 matçda heç bu qədər rəqib qapısına yol tapılmayıb. “Böyük oyun”da ən çox 1:0 hesabı qeydə alınıb – 6 dəfə. 5 dəfə 0:0, 4 dəfə 2:1 və 1:1, hərəyə 1 dəfə 2:0, 2:2 və 4:3 hesabı olub.

Qeyd edək ki, “Böyük oyun”da ən çox iştirak edən baş məşqçi Ağasəlim Mircavadov 13 oyunda iş başında olub və “Xəzər Lənkəran”la “Neftçi”nin sükanı arxasında olan yeganə çalışdırıcıdır.

“Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilən oyunlar

2004/05 mövsümü


“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü


“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü


“Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü


“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
“Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü


“Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü


İlkin mərhələ
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

2010/11 mövsümü


İlkin mərhələ
“Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks – Rodriqinyo
“Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev – Julius Vobay

Azərbaycan kuboku, ¼ final mərhələsi

İlk oyun
“Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavinyo (2), Slavço Georgiyevski – Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrey Mureşan

Cavab oyunu
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavinyo

2011/12 mövsümü


“Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov, öz qapısına
0