“Şpaklyovka” vurmaq mənə çox ağırdır”
04.11.2011 - 00:04
“Şpaklyovka” vurmaq mənə çox ağırdır”
Azərbaycanın sabiq FİFA hakimi Babək Quliyevin apasport.az saytına müsahibəsi

- Çoxdandır sizdən səs-soraq yoxdur. Hazırda nə işlə məşğulsunuz?
- Fəhləlik edirəm. Əhmədlidə yeni tikilən binaların birində işləyirəm. “Malyarlıq” edir, “şpaklyovka” vururam. Neynim, ailəmi dolandırmalıyam...

- Nə vaxtdan tikintidə çalışırsınız?
- 4 aydır. Həmin binanın inşası başa çatıb. Sadəcə, şəxsi evin təmirində briqada kimi işləyirik. Briqadanın rəhbəri də qonşumdur. Özüm işlə bağlı ona müraciət etmişdim.

- Bəs bunadək nə işlə məşğul idiniz?
- Ailəmi dolandırmaq üçün çox işlərlə məşğul olmuşam. Hakimlikdən uzaqlaşdırıldıqdan sonra bir müddət Avropada qazandığım pulla dolandım. Ancaq həmin pul qurtarandan sonra məcbur oldum hansısa işə girim.

- Azərbaycan çempionatını izləyirsiniz?
- Xeyr.

- Niyə?
- Ona görə ki, vaxtım yoxdur.

- Bəyəm hər gün işləyirsiniz?
- Yox, bazar günü istirahət edirəm.

- Özünüzü futboldan kənarda necə hiss edirsiniz?
- Çox pis. Ancaq nə etmək olar? Həyat mübarizədir. Mənim futbol həyatım 7 yaşımdan başlayır. Gələn ilin yanvarında 38 yaşım tamam olacaq. Həyatımın 30 ilini futbola həsrət etmişəm. İndi isə kənarda qalmışam və bu, mənə çox çətindir.

- Hakimlikdən kənarda qaldıqdan sonra qazancınız nə olub?
- Əsas qazancım odur ki, heç kimdən çəkinməyərək, sözümü dedim. Ramin Musayev, Xaqani Məmmədovun yanında “sınmadım”. Bu insanların üzündən hakimlikdən kənarda qalmışam. Bu gün AFFA-da oturan bəzi insanlar da bilir ki, mən günahsızam. Ancaq haqqımda belə ədalətsiz çıxardılar. Ancaq mən kişiliyimi, mənliyimi hər şeydən üstün tutdum. Haqq səsimi ucaltdım və bu, mənim üçün böyük qazancdır.

- Hakimlikdən kənarlaşdırıldıqdan sonra çox kəskin fikirlər səsləndirdiniz ki, bu, sizə baha başa gəldi. Halbuki, bunu etməyə də bilərdiniz...
- Etməliydim. Çünki bilirdim ki, günahım yoxdur. Musayevlə Məmmədov mənim futbol həyatıma son qoydular. Ancaq əvəzində sözümü çəkinmədən deyən insan kimi tanındım. Bilsəydim ki, günahım var, səsimi çıxartmazdım. Günahım olmadığı üçün həmin insanlarla bağlı sözümü demişəm. Çox şadam ki, qorxmaz insan kimi hörmət qazanmışam. Fəhlə işləyirəm, bu, qəbahət deyil. Kişi ailəsini dolandırmaq üçün pul qazanmalıdır. Övladlarımın ac qalmaması üçün bu işlə məşğulam. Əlbəttə, keçmiş FİFA hakiminin indi “şpaklyovka” vurması mənə çox ağırdır. Amma əsas odur ki, başım ucadır. Heç kimin qabağında gözü kölgəli deyiləm.

- Aylıq qazancınız nə qədərdir?
- Təbii ki, əvvəlki ilə müqayisədə çox az.

- Konkret nə qədər?
- 500-600 manat.

- Bu pulla dolanmaq çox çətindir?
- Əlbəttə. İndi mənə maddi baxımdan çox ağırdır.

- Bəs hakim kimi, ayda nə qədər qazanırdınız?
- 2000-2200 manat. Avropa səviyyəli oyunlarda isə ildə 30-40 min qazancım oldu. Bura daxili yarışları da nəzərə alsaq, 50-60 min manat edir.

- Bəzi həkimlər kimi vaxtında susmağa üstünlük versəydiniz, indi işiniz daha rahat ola bilərdi. Yaxud üzr istəməklə də, problemi həll etmək olardı...
- Mən susub, üzr istəyə bilməzdim. Çünki haqlı idim. Bilirsiniz, məni çox az adam düzgün başa düşür. Deyirlər ki, gərək danışmazdın. Ancaq onlara başa salıram ki, bunu etməli idim, çünki günahım yoxdur. Həyatda ən pis şey insana pis damğa vurmaqdır. Mən o damğanı üzərində saxlaya bilməzdim. Əgər deyilənlər kimi etsəydim, etmədiyim günahı boynuma alardım.

- Deməli, sərt ittihamlarınıza görə peşman deyilsiniz?
- Qətiyyən. Bundan sonra 23 il də keçsə, peşman olmayacağam. Günahım yoxdur və kimdənsə üzr istəməyə ehtiyacım yoxdur.

- Hakimliyə qayıtmaq perspektivinə necə baxırsınız?
- İndi sıfıra bərabərdir.

- Bəs gələcəkdə?
- Bunu Allah bilir. Çox istərdim hakimliyə qayıtmağı. Çünki futbol mənim ikinci ailəmdir. Mən həyatımı futbola həsr etmişəm.

- Hakimliyə qaytarılmağınızla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmək fikriniz varmı?
- Heç vaxt Rövnəq müəllimdən gileyim olmayıb. Dövlət adamıdır. Müraciətə gəlincə, hakimlər bununla bağlı yazılı müraciət etsələr, buna baxıla bilər.

- Həmkarlarınızdan belə müraciət gözləyirsiniz?
- Açığı, yox. Qayıtmağım bəzi hakimlərə sərf etmir. Çünki yoxluğumda onların işləri daha yaxşı gedir.

- Kimləri nəzərdə tutursunuz?
- Ad çəkmək istəməzdim.

- Sizinlə əlaqə saxlayan, işlərinizlə maraqlanan hakimlər varmı?
- Var, ancaq adlarını çəkmək istəmirəm. Ad açıqlasam, onlara qarşı təzyiqlər olar.

- Həmin hakimlərdən sizə maddi yardım edənlər var?
- Nə qədər maddi çətinliyim olsa belə, heç kimdən 1 manat da almamışam. Kimsə deyə bilməz ki, Babəkə maddi kömək edib. Avropa görmüş insanam və bu gün fəhləlik etmək mənə çox ağır gəlir. Ancaq haqlı olduğumdan, bu mübarizədə özümü qalib sayıram və heç kimə borcum yoxdur.