Toni Adams: Xaricdə işləsəm, onu yanıma aparacağam
05.11.2011 - 00:02
Toni Adams: Xaricdə işləsəm, onu yanıma aparacağam
“Neftçi”nin üzvü Ruslan Abışov haqqında maraqlanmışam. Aramızda yaş fərqi olsa da, biz eyni gündə - oktyabrın 10-da anadan olmuşuq”. Bu sözləri apasport.az saytına açıqlamasında İngiltərə futbolunun canlı əfsanəsi, hazırda “Qəbələ” klubunu çalışdıran Toni Adams deyib.

Ötən mövsümün qaliblərinin təltif olunması mərasimində Ruslan Abışova da mükafat verilib. Ona ötən mövsümün ən yaxşı müdafiəçisi üçün ayrılmış hədiyyəni məhz Toni Adams təqdim edib. “Arsenal”ın sabiq kapitanı hesab edir ki, Ruslanla onda ortaq xarakterlər var: “Bizdə eyni cəhətlər var. İkimiz də hündürboyuq. Futbolu sadəcə, qaçaraq deyil, həm də ağıl ilə oynayırıq. Fikrimcə, Ruslan Abışov güclü futbolçu kimi yetişəcək. Eyni zamanda, hər ikimizdə kapitanlıq cəhətləri var”.

Adams Ruslanla bağlı arzularını da açıqlayıb. İngiltərəli mütəxəssis bildirib ki, əgər hansısa bir klubu çalışdırsaydı, Abışovu Azərbaycandan aparardı: “Əgər mən hər hansı bir əcnəbi klubun baş məşqçisi olsaydım, bu futbolçunu böyük məmnuniyyətlə komandamda görmək istərdim. Azərbaycana gəldiyim ilk gündən bu futbolçu mənim diqqətimi çəkib”.

Veteran futbolçu vurğulayıb ki, Abışov barədə milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsla da söhbət edib: “Bu futbolçu ilə bağlı millinin baş məşqçisi ilə də fikir mübadiləsi aparmışam. Sevinirəm ki, bu barədə fikirlərimiz üst-üstə düşdü. Başa düşə bilmirəm ki, bu futbolçu niyə indiyə kimi Avropaya yollana bilməyib? Gec də olsa, Ruslan Abışov Avropa komandalarının birində lider olacaq. Bunu sizə mən, Toni Adams deyir”.

Qeyd edək ki, həmin mükafatlandırma mərasimində Toni Adams da nominasiyada qalib olub. 1983-2002-ci illərdə “Arsenal”da oynamış Adams Azərbaycanda ötən mövsüm üçün ən ədalətli adam hesab olunub.