Elmir Əliyev: Baş məşqçi ilə söhbətimiz olacaq
05.11.2011 - 00:07
Elmir Əliyev: Baş məşqçi ilə söhbətimiz olacaq
“Futbolda biri udar, digəri uduzar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun prezidenti Elmir Əliyev deyib.

Premyer Liqanın XII turu çərçivəsində keçirilən “Kəpəz” – “Bakı” matçında paytaxt təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb. Halbuki, cari mövsümün I dövrəsində Bakıda keçirilən oyunda Gəncə futbolçuları rəqibini 3:0 hesabı ilə darmadağın etmişdilər. Buna görə də, əksər mütəxəssislər “Kəpəz”in doğma meydanda ən azı uduzmayacağını düşünürdü.

Qarşılaşma haqda danışan Əliyev imkanları boşa verdiklərinə görə təəssüflənir: “Oyunumuz alınmadı. Qol epizodları yaratsaq da, reallaşdıra bilmədik. İstifadə etsəydik, nəticə fərqli olardı”.

Son günlərdə “Kəpəz”in düşərgəsindən heç də xoş olmayan söz-söhbətlər yayılıb. Belə ki, əvvəlcə Vasif Haqverdiyevlə Feutçini məşq prosesində əlbəyaxa olublar. Ertəsi gün komandanın lideri Ceyhun Sultanovla məşqçisi Vidadi Rzayev arasında qalmaqal düşüb.

Təbii ki, bu da nizam-intizamın heç də yaxşı olmadığına işarədir. Ancaq klub rəhbəri bununla razılaşmır: “Bu xırda söz-söhbətlər əksər klublarda olur. Bunun nəticəyə təsir göstərmədiyini düşünürəm”.

Klub prezidenti baş məşqçi ilə oyunun müzakirəsini aparacaqlarını vurğulayıb: “Baş məşqçi ilə söhbətimiz olacaq. Biz onsuz da hər oyundan sonra müzakirə aparırıq”.
0