Ürəyi Məkkədə qalan “ağ-qaralar”
05.11.2011 - 00:00
Ürəyi Məkkədə qalan “ağ-qaralar”
2010/2011 mövsümünün qaliblərinin mükafatlandırma mərasimi başa çatsa da, bu tədbir barədə fikirlər səngimir. Apasport.az saytının xəbərinə görə, “Neftçi” klubunun bəzi futbolçuları qızıl medal qazandıqları ötən mövsümlə bağlı fikirlərini bildiriblər. Onlar qazanılan uğurda komandanın prezidenti Sadıq Sadıqovun əməyinin danılmaz olduğunu düşünürlər.

Kapitanı Rail Məlikov əldə olunmuş uğuru onlara ayrılmış diqqət və qayğının nəticəsi kimi qiymətləndirib: "Çempion olmağımızda klub prezidenti Sadıq Sadıqovun böyük əməyi oldu. Bu yeri əldə etməyimiz üçün rəhbərliyimiz bizə hər bir şəraiti yaratmışdı. Sadıq müəllim indi Həcc ziyarətində olduğundan, bu mərasimdə iştirak edə bilmədi. Allah onun ziyarətini qəbul eləsin! Qələbəmizi ona həsr edirik".

Ötən mövsüm gözəl oyunu ilə çempionluqda böyük pay sahibi olmuş yarımmüdafiəçi Rəşad Abdullayev də çempionluğu onlara göstərilmiş qayğının məntiqli nəticəsi adlandırıb: "Klub prezidenti hər matça ən azı bizim qədər həssas yanaşır. Bizimlə birgə sevinir, bizimlə birgə kədərlənir. Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi"nin 6 illik çempionluq həsrətinə son qoyuldu".

Mərasimdə ötən ilin ən yaxşı müdafiəçisi seçilmiş Ruslan Abışov bu uğuru komanda halında qazandıqlarını deyib: "Ötən mövsümün ən yaxşı müdafiəçisi seçilməyim təkcə mənim xidmətim deyil. Bunda mənə komanda yoldaşlarım yardımçı olub. Təbii ki, klub rəhbərliyi və məşqçilər heyətinin əməyi böyükdür. Əldə olunmuş istənilən qələbədə prezidentimiz Sadıq müəllimin zəhməti və qayğısı var".

Çempionatın ən yaxşı oyunçusu üçün ayrılmış mükafata layiq görülmüş Flavinyo üçün bu hədiyyə gözlənilməz olub: "Neftçi"yə gələndə əsas fikrim komanda halında uğur qazanmaq olub. Fərdi nailiyyət haqqında düşünməmişəm. Yenə də deyirəm ki, bu ada komanda yoldaşlarım da azı mənim qədər layiqdi. Onu da deyim ki, Azərbaycana gəldiyim gündən burada dövlətin futbola göstərdiyi diqqəti gördüm. Mərasim möhtəşəm idi, medalları və hədiyyələri də şəxsən AFFA prezidenti özü təqdim elədi. Bu onu göstərir ki, Azərbaycanda futbol inkişafdadır".

Çempion "Neftçi"nin müdafiəsində rəqib hücumçulara sipər olmuş İqor Mitreski və Alessandro Viana Da Silva çempionluq yaşamağın onlar üçün önəmli olduğunu vurğulayıb. "AFFA prezidenti cənab Rövnəq Abdullayevin medalları şəxsən təqdim etməsi mənim üçün gözlənilməz və bir o qədər də sevindirici oldu. Bu isə o deməkdir ki, futbolçular və klublar daim diqqət mərkəzindədir" - deyə, Mitreski bildirib.

Alessandro Viana Da Silva: "Çempion olmaq çətindir. Amma bu titulu qoruyub saxlamaq daha çətindir, çalışacağıq ki, uğurun davamı gəlsin. Bu il də qızıl medallara sahib olub, avrokuboklardakı uğursuzluğumuzu unutdurmaq və azarkeşlərimizi sevindirmək istəyirik".