Elvin Beçiri: Yığmaya çağırıla bilməzdim - MÜSAHİBƏ
06.11.2011 - 10:00
Elvin Beçiri: Yığmaya çağırıla bilməzdim - MÜSAHİBƏ
Albaniya yığmasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Elvin Beçirinin apasport.az saytına müsahibəsi

- 1 aydır yaşıl meydandan kənarda qalmısınız. Vəziyyətiniz necədir?
- Artıq 1 aydır zədə üzündən oynamıram. Hələ də müalicə olunuram.

- Zədəni nə vaxt almısınız?
- “Qəbələ”yə evdə 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda. Zədəm ciddi idi və əməliyyata ehtiyac oldu.

- Burada, yoxsa?
- Avstriyada.

- Oynamağa nə vaxt hazır olacaqsınız?
- Həkim 1 aydan sonra meydana çıxmağa hazır olacağımı deyib.

- 2011-ci ili sizin üçün artıq bitmiş saymaq olarmı?
- Baxarıq. Ola bilər ki, ilin sonunda çıxıb, 5-10 dəqiqə oynadım. Çünki özümü çox yükləməməliyəm.

- Mirça Rednik baş məşqçi postuna yeni gələndə, əsas heyətdə yerinizi itirmişdiniz. Sonradan qayıtsanız da, yenidən kənarda qalmısınız. Əsas heyətdə yerinizi qaytarmaq çətin olmayacaq ki?
- Əsas odur ki, tam müalicə olunum. İndi mənim üçün ən vacib budur. Sonra əsas heyətdə oynamağıma baş məşqçi qərar verəcək.

- Yığmanıza daim çağırılmırsınız. Bu, yalnız zədə ilə bağlıdır, yoxsa başqa problem var?
- Son vaxtlar yığmaya çağırıla bilməzdim. Çünki zədə almışam. Başqa problemim yoxdur. Düzdür, məni bəzən çağırırlar, bəzən də yox.

- Bu, qeyri-sabitlik nə ilə bağlıdır?
- Bilmirəm.

- Yığmanızın xorvatiyalı baş məşqçisi Yosip Kuje müqavilənin uzadılmayacağı rəsmən açıqlanıb...
- Bəli, onu yığmamızın uğursuz çıxışına görə qovublar. Yeni baş məşqçimiz olacaq.

- Kim?
- Hələ bilinmir, yeni baş məşqçi axtarırlar.

- Zədə ucbatından sizə yaxşı tanış olan Azərbaycan yığmasına qarşı oynaya bilməyəcəksiniz...
- Əlbəttə, Azərbaycan yığmasına qarşı oynamağı çox istərdim. Ancaq bu, futboldur, həyatdır.

- Təbii ki, noyabrın 11-də keçiriləcək Albaniya – Azərbaycan oyununa baxacaqsınız...
- Əlbəttə. Mən çempionatda yaranan fasilədə vətənimə yollanıb, Tiranadakı görüşü stadiondan izləyəcəyəm.

- Sözsüz ki, öz komandanıza azarkeş edəcəksiniz...
- Bu, aydın məsələdir. Axı, Albaniya mənim doğma vətənimdir.

- Oyundan nə gözləyirsiniz?
- Əsas odur ki, yaxşı oyun olsun. Azərbaycan yığmasının da yaxşı oynamağını istərdim. Ancaq əlbəttə, Albaniya millisinin qalib gəlməyini arzulayıram.

- Sizcə, kimin qalib gəlmək şansı daha çoxdur?
- Hər ikisi yaxşı komandadır. Heyətlərində səviyyəli futbolçular var. Ancaq kimin güclü olduğunu oyunda görəcəyik. Onu da nəzərə almalıyıq ki, bu, yoldaşlıq görüşüdür. Belə oyunda nəticə vacib deyil.

- Albaniyadan zəng edib, sizdən yığmamızla, oyunla, futbolumuzla bağlı soruşurlar?
- Bəli. Əvvəl də soruşublar. Demişəm ki, Azərbaycanın yaxşı çempionatı, yaxşı yığması var. Milliniz yaxşı çıxış edir, hər il inkişaf var.

- Bu dəfə kənarda qalacağınız “Neftçi” – “Xəzər Lənkəran” derbisi haqda nə düşünürsünüz?
- Şansları bərabər sayıram. Bu, əsl derbidir. İndidən demək olmaz ki, “Neftçi”, yaxud “Xəzər Lənkəran” qalib gələcək. Əlbəttə, biz qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, buna nail olacağıq.

Mehman SÜLEYMANOV