Vəli Qasımov: Bu klub məndə həmişə maraq oyadıb
06.11.2011 - 00:00
Vəli Qasımov: Bu klub məndə həmişə maraq oyadıb
Azərbaycan yığmasının (U-19) baş məşqçisi Vəli Qasımov seçimini edib. Apasport.az saytının məlumatına görə, veteran hücumçu sabiq komandası “Betis”ə qayıtmaqdan vaz keçib.

O, UEFA tərəfindən Bakıda təşkil olunan Pro lisenziyası verən kursların iştirakçısıdır. Tələbə əsasən, həmin məşqçilər 2 əcnəbi komandanın düşərgəsində təcrübə keçməlidir. Qasımov saytımıza açıqlamasında bildirib ki, iki köhnə variantdan birini dəqiqləşdirib: “Bildiyiniz kimi, mənim İspaniyada çoxlu tanışlarım var. Odur ki, təcrübəni məhz bu ölkədə keçəcəyəm. “Betis” və “Malaqa” variantı üzərində düşündüm. “Malaqa” mənə daha maraqlı gəldi. Çünki bu klub hazırda yaxşı vəziyyətədir. Artıq hər şeyi dəqiqləşdirmişəm. Əsas komandanın məşqlərinə qatılacağam. Bu səfər Azərbaycan millisinin Albaniya və “Union Berlin” komandaları ilə oyundan dərhal sonra baş tutacaq”.

Qasımov “Betis”dən imtinasının səbəbini də açıqlayıb: “Betis”də hazırda əsasən gənc futbolçular çıxış edir. “Malaqa”da isə təcrübəli oyunçular çoxdur. Həm də bu klub məndə həmişə maraq oyadıb. Bu səbəbdən də “Betis”dən imtina etdim”.

Qeyd edək ki, “Malaqa” klubunu Madrid “Real”ının sabiq baş məşqçisi Manuel Pelleqrini çalışdırır.