Toni Adams üzr istədi
05.11.2011 - 18:53
Toni Adams üzr istədi
Premyer Liqanın XII turunda AZAL-a uduzan “Qəbələ”nin baş məşqçisi Toni Adams oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, ingiltərəli çalışdırıcı 0:3 hesabı ilə uduzan komandasının azarkeşlərindən üzr istəyib: “Çox pis nəticə oldu. Son zamanlar yaxşı oynamırıq, xüsusən də son iki oyunda. Müdafiədə kobud səhvlər buraxırıq. Bir neçə futbolçu çox pis çıxış edir, buna görə də gələn oyunlarda onları dəyişməyi düşünürəm. Uğurlu komanda qurmaq üçün mənə daha çox vaxt lazımdır. İstefa verməyi düşünmürəm. Qəbələdən buraya kimi gələn komandanın azarkeşlərindən üzr istəyirəm”.
AZAL-ın məşqçisi Rafiq Mirzəyev isə bildirib ki, komandası artıq qara zolaqdan çıxıb: “Son oyunlarda pis oynamırdıq, lakin məğlub olurduq. Futbolçularda qələbə qazanmaq istəyi var idi, sona qədər mübarizə apardılar. Geriyə yolumuz yox idi. Qış transfer dövrünə kimi uğurlu çıxış etməliyik. Fikrimcə, artıq “qara zolaq”dan çıxırıq”.