Qəzadan qurtulan “təyyarə” yenidən havaya qalxır
06.11.2011 - 00:06
Qəzadan qurtulan “təyyarə” yenidən havaya qalxır
Premyer Liqanın II dövrəsi AZAL üçün uğurlu başladı. “Qəbələ” üzərindəki qələbə komandanın tarixindəki çoxsaylı qələbələrdən fərqli oldu. AZAL indiyədək kifayət qədər qələbə qazanıb, böyük hesablılar da olub, indiki kimi 3:0-lar da, daha böyüklər də. Lakin bu qələbə tam fərli idi.

Çempionatın I dövrəsi bitən kimi, “təyyarəçilər” islahatlara başladı. Özü də bu islahatlar əsl təyyarədə baş verənlərə bənzəyirdi. Səmadan kəllə-mayallaq yerə enən təyyarəni qəzadan, fəlakətdən xilas etmək üçün bundan yaxşı yol da ola bilməzdi. Bakılılar “salon”dakı artıq - ekipaja lazımsız üzvlərini kənarlaşdırmaqla yenidən qanadlanmağa nail oldular. Klub prezidenti Vaqif Qasımov və baş məşqçi Elxan Abdullayevin ekipajdan uzaqlaşdırılması isə təyyarənin xilası ilə nəticələndi.

AZAL 3 cavabsız qolla qalib gələrək, elə 3 uğursuz seriyaya son qoydu. Həsrətin sona çatması isə təbii ki, islahatların nəticəsi idi. Yoxsa eyni ifaçıların daha yaxşı çıxışına başqa ad vermək olmaz. İşin düzgün qurulmamağı, təyyarənin səhv idarə olunmasında günahkarlar tapılıb, aradan götürülən kimi seriyalara son qoyuldu.

Cəhənnəmin 1 addımlığında

Səmadan yerə enən təyyarənin cəhənnəmin 1 addımlığında qanadlanıb havaya qalxmasını 70 günlük həsrət də təsdiq edir. Bakılılar sonuncu dəfə 70 gün əvvəl qələbə qazanmışdı. AZAL 10 həftə öncə - avqustun 27-də “Neftçi”ni məğlub etmişdi – 3:1. IV turun həmin oyunundan sonra isə “təyyarəçilər” hər yetənə xal verirdi. Qələbə intizarına yenə doğma AZAL stadionunda son verən bakılılar 70 gün ərzində 7 qələbəsiz matç keçirmişdilər. Bu isə klub tarixinin antirekordunun – yəni cəhənnəmin 1 addımlığında dayandı.

Məsələ ondadır ki, 2005-ci ilin yayından güclülər dəstəsində çıxış edən AZAL ən pis halda 8 oyunda qələbə həsrətində olmuşdu. Elə ilk mövsümdə “Olimpik” adlanan komanda 9-16-cı turlar arasında heç-heçədən artığına nail olmamışdı. Elə həmin mövsümün son 7 oyunundakı qələbəsizlik də 2006/07 mövsümünün ilk oyununda 8-ə çatmışdı. Həmin 2 dəfə qeydə alınan antirekorda isə 1 addım qalmışdı. Belədə “ekipajdakı təmizləmə” - vitse-prezident Fikrət Hüseynovun komandaya cavabdeh olması, məşqlərə ciddi nəzarət etməsi “təyyarəçiləri” qəzadan xilas etdi...

90 gündən sonra

AZAL mövsümdə 2-ci dəfə böyük hesablı qələbəsini qazandı. Bakılılar sonuncu dəfə I dövrənin ilk turunda səfərdə “Simurq”a 3 cavabsız qol vurmuşdu. Avqustun 7-dəki qələbədən 10 oyun və 90 gün sonra isə 3 cavabsız qol “Qəbələ”nin qapısına vuruldu.

1113 günlük sindrom bitdi

AZAL-dakı islahatlar həm də “Qəbələ” sindromunun qırılmasına səbəb oldu. Bakılılar bu rəqibi 1113 gün idi çempionatda uda bilmirdi. 2008-ci il oktyabrın 18-də paytaxtdakı 1:0 hesablı qələbədən sonra AZAL 6 oyun idi “Qəbələ”dən 3 xal almırdı. 3 ildən artıq sürən seriyaya islahatlar sayəsində son qoyuldu.
0