İmişlidən Ağdama gedən yol və ya Quzanlıda 567 gündən sonra qeydə alınan nəticə
07.11.2011 - 12:53
İmişlidən Ağdama gedən yol və ya Quzanlıda 567 gündən sonra qeydə alınan nəticə
“Qarabağ” təmsil etdiyi Ağdamda 23 aydan sonra uduzdu. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun çalışdırdığı komanda Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda 567 gündən sonra məğlubiyyəti debütant “Sumqayıt Şəhər”dən aldı – 1:2. “Qarabağ” sonuncu dəfə bu məkanda 2009/10 mövsümünün “altılığ”ın II dövrəsinin ilk turunda (XXVIII) – aprelin 17-də “Bakı”ya uduzmuşdu – 1:4. Bu, hələ ki meydan sahiblərinin Quzanlıda yeganə böyük hesablı məğlubiyyətidir.

Əslində “Sumqayıt Şəhər”i “Qarabağ” arzuolunmaz rəqib saymalıyıq. Çünki Qurbanovun komandası bu komandaya hər 2 oyunda qalib gələ bilmədi. İlk dövrədə Sumqayıtdakı matçın qolsuz bərabərliklə nəticələndiyini nəzərə alsaq, almaniyalı Bernard Raabın çalışdırdığı komanda son 3 ildə avrokuboklarda ən layiqli təmsilçimizdən 5 xal alıb. “Sumqayıt Şəhər”in cəmi 9 xalının olduğunu nəzərə alsaq, yarıdan çoxunu elə “Qarabağ”la oyunlarda qazanıb.

Bu, debütantın kuboku da nəzərə alsaq, ardıcıl 3-cü qələbəsi oldu. Sumqayıtlılar bundan öncə kubokda səfərdə “Lokomotiv”ə (2:0), ardından Premyer Liqada evdə AZAL-a (2:1) qalib gəlmişdi. “Gənclik şəhəri”nin təmsilçisi çempionatda sonuncu səfər qələbəsini də əyalətdə qazanmağı diqqəti çəkir. Ancaq burada fərqli məqamlar var. Belə ki, bu, ötən mövsüm sumqayıtlıların oynadığı I divizionda olub və özü də həmin vaxt komanda sadəcə “Sumqayıt” adlanırdı. O, son turda mayın 15-də İmişlidə “MKT-Araz” 3:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, ötən mövsüm I divizionda 7-ci yeri tutan Sumqayıt klubu çempion kimi Premyer Liqaya vəsiqə qazanan, ancaq sonradan dağılan “Abşeron”un yerinə güclülər dəstəsinə buraxıldı.