“Berti Foqts Türkiyə yığmasının baş məşqçisi olmaq istəyir”
07.11.2011 - 14:14
“Berti Foqts Türkiyə yığmasının baş məşqçisi olmaq istəyir”
Azərbaycan yığmasının almaniyalı məşqçisi Uli Ştayn maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis Almaniya mətbuatına müsahibəsində bildirib ki, millimizlə müqaviləsi başa çatmaqda olan Berti Foqts daha iddialı komandada - Türkiyə yığmasında çalışmaq istəyir.

“Foqts klubda işləmək istəmədiyini çoxdan deyib. O, Azərbaycan yığması ilə Türkiyədə rəsmi oyunda olduğu zaman bu ölkədə futbolun necə sevildiyini gördü. Əgər Foqtsa Türkiyə Futbol Federasiyasından təklif gələrsə, bundan imtina etməz. O, Türkiyə yığmasının baş məşqçisi olmaq istəyir. Bu milli komandada Əmrə Belözoğlu, Həmit Altıntop kimi səviyyəli futbolçular oynayır. Sadəcə, onlar hələlik yığmada kollektiv oyun göstərə bilmirlər” – deyə, Ştayn bildirib.

Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin Avro-2012-yə vəsiqə qazana bilməyəcəyi halda, Foqtsun onun yerinə gətiriləcəyi haqda çoxdandır söz-söhbət gəzir.