Vüqar Nadirov: Onlara məsləhətim budur ki...
08.11.2011 - 00:01
Vüqar Nadirov: Onlara məsləhətim budur ki...
Azərbaycan yığmasının və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- Komandanız yenə “Sumqayıt Şəhər”lə bacarmadı. Doğma meydanda autsayderə uduzmağınıza səbəb nədir?
- Əgər uduzmuşuqsa, nəsə səbəb var və bunu araşdırmaq lazımdır. Açığı, həmin görüşə yaxşı hazırlaşmışdıq. Sözsüz ki, doğma meydançada oynadığımızdan və turnir cədvəlində irəli getmək imkanı qazandığımızdan həmin oyunu qələbə ilə başa vurmaq istəyirdik. Amma arzular heç də həmişə həyata keçmir. Sürprizləri normal qarşılamaq lazımdır. İndi elə bir vəziyyətdir ki, həvəsdən düşmək olmaz, ancaq irəli baxmalıyıq.

- Qələbəyə alışmış Quzanlı azarkeşləri bu sürpriz nəticəni necə qarşıladı?
- Deyə bilmərəm. Çünki azarkeşlərin arasında bədbinlər və nikbinlər var. Onlara məsləhətim budur ki, bu oyunu unutsunlar.

- Sumqayıtda da bu komandanın müqavimətini qıra bilmədiniz, Ağdamda da. Təsadüfin bir dəfə olduğunu nəzərə alsaq, buna nə don geyindirək?
- Konkret ad qoya bilmərəm. Bəlkə də, biz bu rəqibi qiymətləndirmədik. Amma yaddan çıxarmayaq ki, bizim ikinci hissədə çoxlu qol imkanlarımız var idi. Onları yerinə yetirə bilsəydik, nəticə bizim xeyrimizə yekunlaşacaqdı.

- “Sumqayıt Şəhər”lə səfər oyununda heç-heçə edəndə bildirmişdiniz ki, ola bilsin biz rəqibi düzgün qiymətləndirməmişik. İndi də eyni fikri təkrarlayırsınız. Bunu necə izah edərsiniz?
- Sözsüz ki, mənim “Sumqayıt Şəhər”i zəif komanda adlandırmaq niyyətim yoxdur. Oyunlardan öncə rəqibləri müzakirə edir, analizlər aparırıq. Əlbəttə ki, bu oyundan öncə rəqibimizi müzakirə edib, qərarlar çıxarmışdıq. Alınmadı. Açıq etiraf etməliyəm ki, autsayderlər qrupunda qərarlaşan komandalara qarşı oynamaq olduqca çətindir. Onlarda itiriləsi heç nə yoxdur. Çox təəssüf ki, nə qədər istəsən də belə komandalara qarşı tam köklənmək çətindir. Amma növbəti oyunlarda bu olanları daha yaxşı analiz edib, səhvlərimizi təkrarlamamağa çalışacağıq.

- Hesabat turunda digər əsas rəqibləriniz – “Bakı”, “İnter” və “Neftçi” qələbə qazandılar. Demək olarmı ki, bu tur qeydə alınan nəticələr gələcəkdə öz sözünü deyəcək?
- Sözsüz ki, biz bu turdan sonra bir qədər geriyə düşdük. Amma toparlanmaq və yeni qələbələr qazanmaq üçün hələ vaxtımız var.

- Çempionatın əvvəlində yorğunluqdan şikayətləndiniz. İndi yenə komandanın əsas heyətinin bəzi futbolçuları milli komandanın düşərgəsində olacaqsınız. Yenə problemlərdən şikayətlənmək fikrindəsiniz?
- Milli komandada çıxış etmək mənim üçün fəxrdir. Bu komandada oynamaq mənə qürur verir. Heç vaxt şikayətlənməmişəm. Bizim işimiz futbol oynamaqdır. İndi “Qarabağ”lı futbolçuların milli komandada sayı bir qədər azalıb. Rəşad Sadıqov, Fərhad Vəliyev və Maksim Medvedev bu toplanışda olmayacaqlar. Amma say yenə də az deyil. İnanıram ki, nəsə problem meydana çıxsa, biz onu tez bir zamanda aradan qaldıracağıq.

- Çempionatın oyunlarından sonra yenə bütün diqqətlər milliyə yönəlib. Rəqibləri, eləcə də bizim perspektivimizi necə xarakterizə edərdiniz?
- Seçmə mərhələnin oyunlarından sonra yenə ilk dəfə yığışırıq. Şükür Allaha ki, yenə milliyə dəvət almışam. Bu, mənim üçün olduqca vacib məsələdir. Əlbəttə ki, rəqibləri tanıyırıq. Xüsusən də, Albaniya milli komandasını qeyd edərdim. Bu komandaya qarşı vaxtilə də oynamışıq. Fikrimcə, bu rəqiblə oyunumuz xeyrimizə olacaq. Düzü, digər rəqib “Union Berlin”i elə də çox tanımıram. Əgər federasiya qərar veribsə, bizə yalnız oynamaq qalır. İndiki vəziyyətdə Azərbaycan millisinə hər oyunda qələbə qazanmaq lazımdır. Biz də bu oyunlarda keyfiyyətə fikir verməklə yanaşı, həm də nəticələri yaxşılaşdırmağa çalışacağıq. Bildiyiniz kimi, “Qarabağ”da Albaniya milli komandasının iki üzvü çıxış edir. Admir Teli və Ansi Aqolliyə qarşı çıxış etmək mənə xoş olacaq. Əgər baş məşqçi Berti Foqts şans verərsə...
0