“Böyük Britaniyada 1 aya görüləsi iş Azərbaycanda 1 həftəyə tamamlanır”
08.11.2011 - 11:15
“Böyük Britaniyada 1 aya görüləsi iş Azərbaycanda 1 həftəyə tamamlanır”
“Qəbələ” klubunun uzunmüddətli böyük planları var. Mən də bunların uğurla nəticələnməsini görmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin qapıçısı Qrem Smit deyib.

Şotlandiyalı legioner karyerasını Azərbaycanda davam etdirməkdən məmnun olduğunu bildirib: “Şotlandiyanın böyük stadionları mənə darıxdırıcı görünürdü. Bu üzdən “Qəbələ” ilə 1 illik müqavilə imzaladım. Lakin Toni Adams məni komandasında saxlamaq istəsə məmnuniyyətlə anlaşmanı uzatmağa razı olaram”.

Smit ölkəmizdə gördüyü mədəniyyətdən də danışıb: “Azərbaycanda tam başqa mədəniyyət hökm sürür. Mən çətinliklə uyğunlaşdım. Burda fit çalmaq olmaz. Küçədə fit çalmağa mədəniyyətsizlik kimi baxırlar. İctimai yerlərdə belə şeylər etmirlər. Biz isə klubun bazasında məskunlaşmışıq. Orda yaşayırıq. Mən Azərbaycanda deyəndə ki, evdə uşağım var, amma subayam – gülməli vəziyyətə düşdüm. Oranın yeməyinə də uyğunlaşmaq lazımdır. Artıq mən bir az arıqlamışam”.

Şotlandiyalı qapıçı Bakı haqda da danışıb: “Bakı çox gözəl paytaxt şəhəridir. Qəbələ isə tam fərqlidir. Yolların çoxu heç yol sayılmamalıdır. Yolla gedəndə görürsən ki. bir sürü inək keçir. Məşq edəndə də yaxınlıqda inəklər diqqəti cəlb edir. Edinburqla müqayisədə bu başqa dünyadır. Amma mən bundan həzz alıram”.

Qrem Qəbələdəki yenidənqurma işlərinə də toxunub: “Qəbələ kəndə oxşayır. Orada bunun dəyişilməsi üçün böyük işlər görülür. Böyük Britaniyada 1 aya görüləsi işi Azərbaycanda 1 həftəyə tamamlanır. Bizim bazamız “Mürrey Park” və ya “Hibernians”ın bazası kimi yaxşıdır. Azarkeşlər də möhtəşəmdir”.

”Qəbələ”nin qapıçısı Azərbaycandakı hakimliyi Şotlandiya ilə müqayisə edib: “Şotlandiyada hamı hakimlikdən şikayətlənir. Lakin Azərbaycanla müqayisədə idarəçilik Britaniyada qat-qat yaxşıdır”.

Smit klubdakı şərait haqda danışıb: “Futbol akademiyamız işləyir. Artıq 10 yaşından uşaqlarla iş görülür. Gələn il stadionumuz hazır olacaq. Oyunlara giriş pulsuzdur ki, daha çox azarkeş toplayaq. Ən böyük çətinlik isə ailədən kənar olmağımızdır. Komandada 5 ingilis məşqçi var. Üstəlik İngiltərədə oynamış Deon Barton və hollandiyalı Stiv Olfers də “Qəbələ”də çıxış edir. Onların hamısına qəhrəman gözü ilə baxırlar”.
0