Albaniya – Azərbaycan oyununun yayım hüququ 9 min avroya satılıb
10.11.2011 - 13:56
Albaniya – Azərbaycan oyununun yayım hüququ 9 min avroya satılıb
Azərbaycan milli komandasının Albaniya yığması ilə sabahkı yoldaşlıq görüşünün canlı yayımlanmağının detalları məlum olub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu apasport.az saytına açıqlamasında matçın yayım hüququnun artıq satıldığını bildirib. Bu, Almaniyanın UFA şirkətinə edilib: “Albaniya Futbol Federasiyası oyunun yayım hüququnu bu şirkətə satıb. Məbləğ 9 min avrodur. Hal-hazırda canlı yayımla bağlı danışıqlar gedir. Bu, seçmə mərhələnin rəsmi oyunu olmadığından, istənilən telekanalımız matçı canlı yayımlaya bilər. Təbii ki, bunun üçün yayım hüquqlarına məxsus şirkətlə danışıb, razılaşmaq lazımdır. AFFA da bu məsələdə öz üzərimizə düşən öhdəlikləri yerinə yetirib. Yəni biz vasitəçilik etmiş, müvafiq telefon nömrələrini, əlaqələndirici şəxsin koordinatlarını vermişik”.

Qeyd edək ki, Albaniya – Azərbaycan oyunu Bakı vaxtilə saat 21:00-da başlayacaq.