“Cavanlıq, təcrübəsizlik, vaxt amili öz sözünü deyir” - MÜSAHİBƏ
10.11.2011 - 16:10
“Cavanlıq, təcrübəsizlik, vaxt amili öz sözünü deyir” - MÜSAHİBƏ
“Sumqayıt Şəhər”in kapitanı Samir Abasovun apasport.az saytına müsahibəsi

-Ardıcıl iki qələbə qazandınız. Bu nəticə sizin üçün sürpriz olmadı?
- Kubokda “Lokomotiv”i məğlub etməyimizi nəzərə almasaq, AZAL-la matçda çempionatda ilk qələbəmizi aktivimizə yazdıq. Onlarla evdə oynadığımıza görə, azarkeşləri sevindirmək baxımından əlimizdən gələni etdik. Ancaq “Qarabağ”la matçda AZAL-la görüşdəki nəticəni təkrarlayacağımızı gözləmirdik. Heç səfərə də bu məqsədlə yollanmamışdıq. Oyunun gedişi hadisələri xeyrimizə dəyişdi. Uşaqların oyunu alındı.

- Artıq “Sumqayıt Şəhər”in oyununu tapdığını söyləmək olarmı?
- Hələ tezdir. 2 oyunun nəticəsinə görə, hər şeyin düzəldiyini demək, tezdir. Komanda geç yığışıb. AZAL və “Qarabağ”la oyunlarda hesaba görə qələbə qazandıq. Lakin oyun planında istədiyimizi ortaya qoya bilmədik. Oyundan oyuna fərq var.

- “Sumqayıt Şəhər” üçün əsas problem nədir: heyətin gec yığılması, yoxsa futbolçular arasında gənclərin üstünlük təşkil etməsi?
- Heyətimiz tam komplektləşməyib. Nə mənada komplektləşməyib, izah edim. Bizdə futbolçular hamısı eyni vaxtda komanda ilə birgə məşq etmirlər. 3-4 nəfər zədəli olur, bir o qədər də yığmanın toplanışına qoşulur. Millidən dönənlər də ordakı kimi oynayırlar. Halbuki klubun öz oyun sxemi var, buna uyğun oynamaq lazımdır. Yəni komanda olmaq üçün vaxt lazımdır. Uşaqlar da çox təcrübəsizdirlər. Onlar bir yerdə çox oynamalıdırlar ki, bir-birini başa düşsünlər. Cavanlıq, təcrübəsizlik, vaxt amili öz sözünü deyir. Biz hələ bütün görüşləri eyni səviyyədə keçirmirik. Məsələn, AZAL-la matçın birinci hissəsində yaxşı çıxış etdik. Ancaq ikinci hissədə onlar hesabı bərabərləşdirə, hətta qələbə topunu da vura bilərdilər. “Qarabağ”la görüşdə isə 70-80 dəqiqə yaxşı futbol oynadıq. Hələ çatışmazlıqlar çoxdur və zaman ehtiyac var.

- Yeri gəlmişkən, baş məşqçi Bernhard Raab mətbuat tərəfindən tez-tez tənqid olunur. Ancaq futbolçular onun məşq prosesini çox bəyəndiklərini deyirlər. Təcrübəli futbolçu kimi, sizin fikirlərinizi bilmək maraqlı olardı...
- İstəyirsiniz ki, baş məşqçi haqda tənqidi fikirlər səsləndirim? Bu düzgün olmazdı. Onu biz də tanımırdıq. Təbii ki, Raab Berti Foqts kimi tanınmış məşqçi deyil. O, Almaniyada əsasən gənc nəsillə işləyib. Kluba dəvət edilən zaman araşdırılıb, müəyyən nəticə çıxarılıb. Kor-korana gətirməyiblər. Məşqlərinə gəldikdə, yüksək səviyyədə hazırlıq keçir. Əgər bu gün Andrey Popoviç, Bədavi əsas yığma komandanın düşərgəsindədirsə, deməli, komanda düzgün yoldadır.

- “Sumqayıt Şəhər” əsasən aşağıyaşlı futbolçulardan ibarət yığma komandanın bazası rolunu oynayır. Bu təcrübəli futbolçuları narahat etmir?
- Əslində, bu çox yaxşı ideyadır və yaxın gələcəkdə effekt verəcək. Çünki hər zaman bizim U-21-də, eləcə də aşağı yaşlı futbolçulardan ibarət yığma komandalarımızda çıxış edən oyunçular oyun təcrübəsi baxımından əziyyət çəkirdilər. Ancaq bu gün onlar Premyer Liqada Flavinyo kimi futbolçuya qarşı oynayırlar. Belə olan təqdirdə təcrübələri də artacaq, eləcə də, öz yaşıdlarına qarşı oynamaq onlara daha asan olacaq. Vaxtilə biz də elə etmişdik. Özümüzdən böyüklərlə, təcrübəlilərlə məşq edirdik. Bunun nəticəsini oyunda aşkar görürdük. Bir şeyi də qeyd edim ki, məşq etməklə oyunamaq ayrı-ayrı şeydi. Ola bilsin, məşqdə özünü əla göstərəsən, ancaq oyunda heç nə ilə yadda qalmayasan. Ona görə də çox oyun keçirmək lazımdır.

- Növbəti turda “Simurq”la qarşılaşacaqsınız. Zaqataladan müsbət nəticə ilə dönəcəyinizə inam varmı?
- Səfərə qalib əhval ruhiyyədə yollanacağıq. Hazırda uşaqların əksəriyyəti yığmalardadır. Onlar gəldikdən sonra bir yerdə məşq edəcəyik. Nəticəyə gəldikdə, necə olacağını özüm də bilmirəm.

- Premyer Liqanın son oyunlar haqda nə deyə bilərsiniz?
- Çempionat indi-indi qızışır. “Neftçi”nin oyunu xoşuma gəldi. Ürəklə oynayırlar. “Xəzər Lənkəran”ı udacaqlarını əvvəlcədən proqnozlaşdırmışdım. Ancaq hesabın belə olacağını gözləmirdim.

- Yayda “Qarabağ”dan ayrılan zaman sizi qəfil transferə çıxarmalarına görə narazı idiniz...
- “Qarabağ” haqda fikirləşmirəm. Çıxarıb-çıxarıb da, qismət belə imiş. Ürəyimə salmayacam ki? Belə daha yaxşı oldu. Doğma şəhərimdir, evimin içində oynayıram, maaşımı alıram. Yeri gələndə, onları udduq da.

- Sabah yığmamız Albaniya ilə qarşılaşacaq. 2011-ci ildə keçirəcəyimiz son beynəlxalq oyunumuzda qələbə qazana biləcəyikmi?
- Albaniya ilə eyni gücdəyik. Üç oyunçusu bizim çempionatda olacaq. Bu cür komandaların oyununda meydan amili mühim rol oynayır.

- Bəs yığmamızın başa çatan tsikldəki çıxışı uğurlu hesab etmək olarmı?
- Yaxşı oyunlarımız da oldu, pis qarşılaşmalarımız da. Burda güclü komandalardan Türkiyəni yendik, Belçika ilə heç-heçə etdik. Əsas odur ki, növbəti tsikldə bundan artığını toplayaq. Ümumi götürdükdə, yaxşı hesab edirəm.