Rəşad Sadıqov: Belə daha yaxşıdır, baş-qulağın dinc olur
10.11.2011 - 16:00
Rəşad Sadıqov: Belə daha yaxşıdır, baş-qulağın dinc olur
Azərbaycan milli komandasının kapitanı, “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- İlk dövrədə heç-heçə etdiyiniz “Sumqayıt Şəhər”ə bu dəfə uduzdunuz. Zədə səbəbindən iştirak etmədiyiniz ikinci oyun barədə nə deyə bilərsiniz?
- Açığı, birinci dövrənin Sumqayıtda keçirilən oyununda bu qədər çətinlik çəkməmişdik. Sadəcə, olaraq, yaradılan epizodları dəyərləndirə bilməmişdik. Quzanlıda keçirilən matçda isə çox pis təsir bağışladıq. Əl-qolumuz bağlanmışdı. Elə bil oyun qura bilmirdik. Özümüzə qətiyyən bənzəmirdik.

- Nəzərə alaq ki, “Qarabağ” çempionluq uğrunda mübarizə aparır. Gələcəkdə bu oyunlarda itirilən xalların acısını çəkəcəyinizdən qorxmursunuz?
- Əlbəttə ki, nəticə vermək istəyən komanda “Sumqayıt Şəhər” kimi rəqiblərlə qarşı oyunda 5 xal itirməməlidir. Fikrimcə, biz bunun acısını çəkəcəyik. İstərdim ki, “Qarabağ”ın futbolçuları rəqiblər arasında fərq qoymasınlar. Çünki iddialı komandaya qarşı oynayanda da qələbəyə görə 3 xal verilir, orta komandanı, eləcə də autsayder qrupunda qərarlaşan rəqibləri üstələyəndə də 3 xal əldə edirsən.

- Necə fikirləşirsiniz, siz meydançada olsaydınız, rəqibi məğlub edə bilərdinizmi? Ümumiyyətlə, kənardan baxanda komandanın oyununda hansı çatışmazlıqlar hiss olunurdu?
- Bəlkə də, futbolçu kimi kömək edə bilməzdim. Amma görünən o idi ki, rəqib birinci qolu vurduqdan sonra “Qarabağ”da qorxaqlıq meydana gəldi. Hücumlara atılmaq üçün risk etmirdilər. Bəlkə də, meydançada olsaydım, komandanın oyuna daha yaxşı köklənməsini təmin edə bilərdim. Əlbəttə ki, bütün bunlar ehtimaldır. Amma futbol prinsipindən danışsaq, yoxluğum hiss olunmadı. Mövqeyimdə çıxış edən futbolçu məndən heç də zəif təsir bağışlamadı.

- Məşqlərin birində əlinizdən ciddi xəsarət almışdınız. Hazırda zədənizlə bağlı vəziyyət necədir?
- Hələ ki, sakitlikdir. Yəni məşqlərə qatıla bilmirəm. İlkin olaraq 3 həftə oynaya bilməyəcəyim deyilir. Zədələnməyimdən artıq iki həftəyə yaxın vaxt keçir. Əlim gipsdən açıb, yenidən rentgendən keçəcəyəm. Əgər yaxşı olsa, məşqlərə başlayacağam. Həkimlər gözləməyi məsləhət bilsə, eyni vəziyyətdə qalmağa davam edəcəyəm.

- Zədə həm də sizi milli komandanın toplanışına qatılmaqdan etdi. Sizcə, Albaniya yığması və “Union Berlin” klubu ilə oyunda komandanın kapitan sarğısını kim daha layiqli şəkildə daşıya bilər?
- Albaniya millisi və “Union Berlin”lə keçiriləcək görüşlər yoxlama oyunu xarakterinə malikdir. Yəni belə oyunları seçmə mərhələnin qarşılaşmaları ilə eyni tutmaq olmaz. Əgər komanda seçmə mərhələdə nəticə qazanmaq barədə düşünürsə, bu tip oyunlarda əsas məqsəd futbolçuların hazırlıqlarını bir daha nəzərdən keçirməkdir. Komandanın heyətinə çox sayda təcrübəli futbolçular var. Komandanın baş məşqçisi Berti Foqts sarğını çox adama verə bilər.

- Sabah görüşəcəyimiz Albaniya milli komandası bizə tanış rəqibdir. Onlara qarşı Bakıda keçirilən oyun qalmaqalla yadda qalmışdı. Hətta albanlar ikinci hissəyə çıxmaq istəmirdilər. Sizcə, rəqib müxtəlif yollarla bunun acığını çıxa bilərmi?
- Həmin oyunda mən də iştirak etmişəm. Azərbaycan millisinin qoluna Branimir Subaşiç imza atmışdı. İnanmıram ki, albanlar belə iş tutsunlar, bizə qarşı kinli olsunlar. Bakıdakı oyundan artıq bir xeyli müddət keçib. Yəqin ki, bu, sıradan bir hazırlıq oyunu olacaq. Rəqibin heyəti ilə tanışam. Çox yaxşı, keyfiyyətli oyunçulara malikdirlər.

- 2 il bundan qabaq daha çox gündəmə gəlirdiniz. Demək olar ki, çox məsələdə adınız hallanırdı. Amma indi nədənsə kölgəyə çəkilmisiniz. Bunun səbəbini nədə görürsünüz?
- Açığı, axır vaxtlar özümdə də həvəs yoxdur. Əvvəlki illərlə müqayisədə mətbuatımızda genişlənmə, canlanma müşahidə olunur. Hərə bir cür düşünür. Bəzən dediyin bir söz başa cür yozulur, analiz edilir. Bəzən çox-çox sonra sənin dediyin kəlmə gündəmə gətirilib, hansısa məsələ ilə əlaqədar hallanır. Belə, kənarda durmaq daha rahatdır. Baş-qulağın dinc olur. Sakitlikdə oynamaq, matça köklənmək daha yaxşıdır. İndi bizim gənc, perspektivli futbolçularımız var. Onların gündəmə gələn vaxtlarıdır.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sizin komandanı tərk edə biləcəyinizdən ehtiyatlanır. Doğurdanmı, Ağdam klubundan getmək fikriniz var?
- Düzü, getmək məsələsi bir az çətindir. Gərək konkret dəvət olsun ki, dəyərləndirəsən. İndiki vəziyyətdə nə dəvət, nə də getmək barədə söhbət var. Açığı, yaş da o yaş deyil ki, tez-tez komanda dəyişim. Halbuki, belə hadisələr son vaxtlar çox olub. Bu gün-sabah, artıq 30-a çatıram. Fikirləşirəm ki, bir komandada uzun müddət oynayım. Düzü, belə bir fikir də meydana gələ bilər ki, mən futbolla elə “Qarabağ”da vidalaşım. 37 yaşa qədər də olmasa, ən pis ehtimal kimi 35 yaşa qədər oynamaq istəyirəm. Bunu, mən istəyirəm. Görək, Allah nə buyurur.

- “Qarabağ”ın daxili çempionatda planları bəllidir. Hamı bir ağızdan çempionluq deyir. Komandanın çempionluq şanslarını, perspektivini necə dəyərləndirərdiniz?
- Qoyulan hədəflərə çatmaq məsələsinə mən də toxunmaq istəyirdim. Ən vacib amillərdən biri istəməkdir. Futbolçu təkcə 90 dəqiqə ərzində deyil, həm də oyunlara hazırlaşan zaman meydançada ürəyini qoymalıdır. Fikrimcə, 1 oyun yaxşı çıxış etməklə işi bitmiş saymaq olmaz. Ən böyük dərd komandaları qruplara bölməkdir. Əgər zəif güclü qrupu yaratsan, heç vaxt nəticə qazana bilməyəcəksən. Nədənsə, mən əvvəlcədən bilirdim ki, biz “Sumqayıt Şəhər”lə oyuna hazırlaşa, bu komandanı məğlubiyyətə uğrada bilməyəcəyik. İçimdən gələn səs bunu mənə deyirdi.
0