“Aylardı maaş vermirlər, nə problem yaradacaqlar?”
10.11.2011 - 18:12
“Aylardı maaş vermirlər, nə problem yaradacaqlar?”
“Deyəsən, elə bir dəfəlik getmişəm. “Turan”da vəziyyət heç də yaxşı deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın hücumçusu Samir Əliyev deyib.

Yayda “Simurq”dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan forvard son anda Əsgər Abdullayevin dəvəti ilə “Turan”a yollandı. Klubla 1 il müddətini əhatə edən müqaviləyə imza atan futbolçu Tovuzda çox qalmayıb. Belə ki, o, V tur çərçivəsində “Rəvan”la keçirilən oyundan sonra klubun düşərgəsindən ayrılıb və hələ də Tovuza dönməyib. Buna səbəb isə həmin vaxt futbolçuların maaşlarını ala bilməməsi idi. Düzdür, sonradan bir ayın məvacibini ödəyən klub rəhbərliyi əksər oyunçuları geri qaytarsa da, hücumçunu axtarıb, arayan olmayıb. Öz növbəsində o da vəziyyət tam düzəlməyincə geri dönmək haqda düşünmür: “Uşaqlarla 3-4 gün əvvəl danışmışam. Deyirlər, yenə bu gün, sabah söhbətidir. Yenə maaşlar verilmir. Belə olan halda hara qayıdım?”.

Klubla bir illik müqavilə imzalamasına baxmayaraq, Əliyev qışda başqa komandaya keçmək niyyətindədir. Təbii ki, bunun üçün ilk növbədə təklif gəlməlidir. Onun fikrincə “Turan”la müqavilənin olması başqa kluba keçidinə mane yaratmayacaq: “Onlar nə problem yaradacaqlar ki? Aylardı maaş vermirlər. Problemi o vaxt yaradarlar ki, sənə filan qədər pul xərcləsinlər. Onlar mənə pul verib? Ona görə də hansısa problemin yaranacağına inanmıram”.

Yeri gəlmişkən, futbolçu fiziki formasını qorumaq üçün məşqlərini bərpa edəcək: “Məşqlərə başlamaq istəyirəm. Ola bilsin, klublardan birinin məşqlərinə qatılım. Hələ dəqiqləşməyib. Alınsa, qışa qədər belə edəcəm”.
0