“Xəzər Lənkəran”ın 50-ci məğlubiyyəti fərqləndi
11.11.2011 - 11:32
“Xəzər Lənkəran”ın 50-ci məğlubiyyəti fərqləndi
Premyer Liqanın XII turunda “Neftçi” ilə səfər oyunundakı məğlubiyyət “Xəzər Lənkəran”ın tarixinin 50-ci yenilgisi oldu. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin yayında yaradılan komanda bu matçadək keçirdiyi 277 oyunda 49 dəfə xalsız qalmışdı. 278-ci görüş isə yubiley məğlubiyyəti ilə nəticələndi – 0:5.

Lənkəranlılar bu uğursuzluqların 35-i ölkə çempionatında, 8-i Azərbaycan kuboku, 6-nı avrokuboklar və 1-i “Birlik kuboku”nda yaşayıb. “Xəzər Lənkəran” 2004/2005 mövsümündə 6, növbəti futbol ilində 11 dəfə uduzub. 2006/2007-də 3, 2007/2008-də 5, 2008/2009-da 9, 2009/2010-da 8 dəfə uduzan “Xəzər Lənkəran”ın son 2 mövsümdə məğlubiyyətlərinin sayını azaldıb. Ötən mövsüm cəmi 5 dəfə uduzan cənub təmsilçisi cari çempionatda 3-cü dəfədir meydanı başıaşağı tərk edib.

50 məğlubiyyətdən 18-i Ağasəlim Mircavadov, 13-ü Rasim Kara, 8-i Mirça Rednikin baş məşqçiliyi dövrünə təsadüf edir. Nazim Süleymanovla İqor Ponomaryov hərəyə 4, türkiyəli Şenol Fidan 2, ukraynalı Viktor Pasulko isə hamıdan az 1 dəfə komandanın yenilgisinə şahid olub. Cəmi 1 matçda baş məşqçi əvəzi olan Hafiz Əliyev isə məğlubiyyət acısı yaşamayıb.

Budəfəki məğlubiyyət əvvəlki 49 yenilgidən fərqli olub. Belə ki, komanda heç vaxt 5 top fərqi ilə uduzmamışdı. Cəmi 3 dəfə böyük hesabla yenilən “Xəzər Lənkəran” 3 müxtəlif yarışın hərəsində 1 dəfə - amma həmişə 3 top fərqinə üzülmüşdü. “Ağ-yaşıllar” 4 böyük hesablı məğlubiyyətin hamısını rəqib meydanında alıb.

“Xəzər Lənkəran”ın böyük hesablı məğlubiyyətləri

2005/06 mövsümü
07.05.2006. Azərbaycan kuboku, ½ final, cavab oyunu “Karvan” (Yevlax) səfərdə 0:3

2008/09 mövsümü
31.07.2008. UEFA kuboku, I təsnifat “Lex” (Polşa) səfərdə 1:4

2010/11 mövsümü
17.10.2010. Azərbaycan çempionatı. IX tur “Gəncə” (Gəncə) səfərdə 1:4

2011/12 mövsümü
06.11.2011. Azərbaycan çempionatı. XII tur “Neftçi” (Bakı) səfərdə 0:5

Mənbə: lankaranfc.com
0