Bizə həm arzuolunmaz, həm də qarşımıza çıxmaq istəməyən rəqib
11.11.2011 - 12:20
Bizə həm arzuolunmaz, həm də qarşımıza çıxmaq istəməyən rəqib
Azərbaycan milli komandası Albaniya yığması ilə tarixində 5-ci dəfə görüşəcək. Apasport.az saytının məlumatına görə, bu ölkənin təmsilçisi indiyə kimi seçmə mərhələlərdə heç vaxt bizə rəqib olmadığından, görüşlərimiz yalnız yoldaşlıq xarakteri daşıyıb. İstənilən halda, Albaniya yığmasını arzuolunmaz rəqib saymalıyıq. Çünki onunla 4 matçın heç birində qalib gələ bilməmişik.

Ümumiyyətlə, ilk 3 oyunda məğlubiyyətlə barışmalı olduğumuz halda, yalnız son görüşdə uduzmadıq. Bu da albanlarla Bakıda yeganə oyunumuza təsadüf etdi. Onda millimizin baş məşqçisinin Berti Foqts olduğunu nəzərə alsaq, almaniyalı mütəxəssis azərbaycanlı həmkarlarından seçilir. Yəni Foqtsdan əvvəl Albaniya yığması ilə görüşən millimizin çalışdırıcıları Əsgər Abdullayev, Kazbek Tuayev və Vaqif Sadıqov məğlubiyyətdən qaça bilməyiblər. Foqts yenə postundadır və albanlarla 2-ci dəfə üzləşən ilk baş məşqçimiz olacaq. Tirandakı görüşün onun 3 ildən artıq çalışdırdığı yığmamızda son rəsmi sınağı olmaq ehtimalını nəzərə alsaq, ən azı yenə uduzmamağa çalışacaq.

Albaniya paytaxtında hər 2 oyunda yenilən yığmamızın bugünkü rəqibi ilə ilk görüşü Maltanın paytaxtı Ta’Qalidə beynəlxalq turnirdə olub və 0:1-lik məğlubiyyətlə nəticələnib. Növbəti oyunda da belə hesabla uduzan millilərimiz sonrakı 2 matçda rəqibin qapısına yol tapa biliblər. Bunlar yarımmüdafiəçi Zaur Tağızadə ilə milliləşdirilən serbiyalı hücumçu Branimir Subaşiçin sayəsində olub. Zaur nəinki yığmada, ümumiyyətlə, futbolçu karyerasını bitiribsə, Branimir uzun fasilədən sonra milliyə qaytarıldığından, yenə albanlara qol vurmaq imkanına malikdir.

Yeri gəlmişkən, Subaşiçin hesabı açdığı Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qalmaqal yaşanmışdı. Belə ki, ilk hissənin sonunda Albaniya yığmasının müdafiəçisi Elvin Beçiriyə göstərilən qırmızı vərəqə futbolçular arasında gərginlik yaranmağı ilə nəticələnir. Fasiləyə yollanan qonaqlar qırmızı vərəqəyə etiraz əlaməti olaraq, ikinci hissəyə çıxmaq istəməyib. Lakin sonradan onları razı salmaq mümkün olub. Həmin vaxt hollandiyalı Ari Haanın baş məşqçisi olduğu rəqibin yubanmağı ucbatından ikinci hissə 5 dəqiqə gec başlanmışdı. Elvin həmin vaxt bizə naməlum, sonradan isə çox tanış futbolçu oldu. Çünki o, 2009-cu ilin qışında “Xəzər Lənkəran”a keçərək, indiyə kimi ölkəmizdə oynayır. Ancaq Lənkəran klubunun legioneri zədə üzündən xeyli müddətdir oynamır və yığmasına dəvət almayıb.

Albaniya ilə ən çox oynayan futbolçumuz Rəşad Sadıqovdur. Millimizin kapitanı debüt istisna olmaqla, qalan 3 matçın hamısında meydanda olub. Ancaq bu dəfə qolu gipsə salınan Rəşadı heç Tiranaya gətirilmədiyindən, belə imkandan məhrumdur.


8 fevral 2000-ci il. Ta’Qali. Beynəlxalq turnir. Albaniya – Azərbaycan - 1:0
Baş məşqçi: Əsgər Abdullayev

27 mart 2002-ci il. Tirana. Yoldaşlıq görüşü. Albaniya – Azərbaycan - 1:0
Baş məşqçi: Kazbek Tuayev

17 avqust 2005-ci il. Tirana. Yoldaşlıq görüşü Albaniya – Azərbaycan - 2:1
Qol: Zaur Tağızadə
Baş məşqçi: Vaqif Sadıqov

19 noyabr 2008-ci il. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Albaniya - 1:1
Qol: Branimir Subaşiç
Baş məşqçi: Berti Foqts

Mehman SÜLEYMANOV