İbrahim Üzülməz Azərbaycanda başladığı işi almanlarla davam etdirir
11.11.2011 - 14:18
İbrahim Üzülməz Azərbaycanda başladığı işi almanlarla davam etdirir
“Beşiktaş”ın sabiq kapitanı İbrahim Üzülməz məşqçilik fəaliyyətinə başlaya biləcək. Apasport.az saytının məlumatına görə, “Qara Qartallar”ın və Türkiyə yığmasının 38 yaşlı sabiq futbolçusu bu yöndə ilk addımını Azərbaycanda atdı. Ötən mövsümün ortasında “Beşiktaş”ın rəhbərliyinin sürpriz qərarından sonra uzun illər şərəfini qoruduğu doğma klubu ilə yollarını ayırmalı olan İbrahim ümumiyyətlə, futbolçu karyerasına son qoymağa qərar verdi. Ancaq keçmiş son cinah müdafiəçisinin məşqçilik lisenziyası olmadığından, bunu əks etdirən diplomu almaq üçün ölkəmizə üz tutdu. Yəni Üzülməz Türkiyə Futbol Federasiyasının yox, AFFA-nın keçirdiyi məşqçilik kurslarına qatılmalı oldu. Bakıda 26 günlük təhsil alan İbrahim B kateqoriyalı diplomu alıb, vətəninə qayıtdı. Məşqçilik sahəsində təhsilini almaniyalı mütəxəssislərin nəzarəti altında gerçəkləşdirən Üzülməz bir neçə ay ərzində A kateqoriyalı diploma da qovuşaraq, məşqçilik edə biləcək.