“Azərbaycanda gördüyüm işdən razı deyiləm”
12.11.2011 - 11:00
“Azərbaycanda gördüyüm işdən razı deyiləm”
Azərbaycan yığması 2011-ci ildə son rəsmi görüşünü keçirdi. Tiranadakı yoldaşlıq oyununda Albaniya üzərində qazanılan qələbədən (1:0) sonra millimizin baş məşqçisi Berti Foqts azsaylı alban jurnalistlərin suallarını cavablandırdı. Təbii ki, müqaviləsinin başa çatdığı ərəfədə heç oyun qabağı açıq məşqdə jurnalistlərlə görüşə gəlməyən almaniyalı çalışdırıcıya veriləsi suallar çox idi. Bunu nəzərə alıb, məqsədimizi AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya çatdırdıq. Məhz onun canfəşanlığı nəticəsində istəyimizə müəyyən qədər nail olduq. Apasport.az saytının Tiranaya ezam olunan əməkdaşına verdiyi müsahibədə Foqts öncə ilk dəfə millinin qapısını qoruyan Andrey Popoviçdən ağızdolusu danışdı.

- 1:0 hesablı qələbə, qapıçının qələbəsidir. Onun oyunundan razı qaldım. Hiss olunurdu ki, bir az həyəcanlıdır. Amma qapıçı meydana soyuqqanlı çıxmalıdır. Andreyin çox böyük potensialı var. Gələcəkdə böyük qapıçı ola bilər.

- 3 əsas futbolçumuz – Rəşad Sadıqov, Mahir Şükürov və Kamran Ağayev bu görüşdə meydana çıxa bilmədi. 90 dəqiqə ərzində onlara ehtiyacınız olduğunu hiss etdinizmi?
- Təbii ki, hiss olunurdu. Əsas səhvimiz onda idi ki, biz artıq yarımmüdafiədən müdafiə olunurduq. Tez-tez top itirirdik. Bir növ Azərbaycan stilidir, yəni 1 qol vurandan sonra çalışırıq ki, qapımızdan top buraxmayaq. Futbolçu daim hərəkətdə olmalıdır. Bir qol vurandan sonra yenə qol vurmağa çalışmalıyıq. Deyərdim ki, qol vurandan sonra biz futbol oynamadıq. Hazırlıq üçün yetərincə vaxtımız yox idi. Bu səbəbdən də ikinci hissədə fiziki cəhətdən problemlə üzləşdik.

- Albaniya ilə qarşılaşmada heyət baxımından meydanda yeni komanda gördük. Qazanılan qələbə gələcək seçmə mərhələ oyunlarına təkan verə bilərmi?
- Dekabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışımız olacaq. Həmin hazırlıqlara 24 futbolçu cəlb edəcəm. Halbuki, həmin 24 futbolçudan 20-ni tanımıram. Çalışmalıyıq ki, bizdə “futbol təkəri” həmişə fırlansın. Heç kim arxayın olmamalıdır ki, millinin heyətində yeri hazırdır. Ona görə də, həmin 4 günlük toplanışa yeni futbolçulara baxacam. Onlardan bəzilər U-19-un heyətində seçmə mərhələdə yaxşı oyun sərgiləyib. Maksim Medvedevlə Araz Abdullayevə yenə şans verəcəyəm. Bilirsiniz ki, mən futbolçuları tərifləməyi xoşlamıram. Amma gördünüzmü, Ruslan Abışov öz mövqeyində necə gözəl oynadı. O, kapitan kimi, komandanı arxasınca aparmağı bacardı.

- Milli komandamızla müqavilənizin müddəti başa çatmaq üzrədir. Bununla bağlı AFFA rəhbərliyi ilə nə vaxt görüşəcəksiniz?
- Mənim AFFA ilə cari ilin sonunadək müqaviləm var. Vaxtı çatanda bu görüş olacaq.

- Albaniya yığması baş məşqçi axtarışına çıxıb. Maraqlıdır ki, namizədlər arasında sizin də adınız var...
- Növbəti suala keçin...

- Albaniya ilə yanaşı, başqa ölkələrdən də təklif gözlədiyiniz bildirilir...
- İndi burda diskussiya açıb, bir-bir ölkələrin adlarını çəkmək fikrində deyiləm. Yanvarın 1-dən sonra harada işləyəcəyim barədə danışmaq istəmirəm. Çünki həmin müddətədək komandanızla müqaviləm var.

- Bu barədə fikirlərinizi bilmək çox maraqlıdır. Çünki sizin milli komandada qalmağınızı istəyənlərlə yanaşı, istəməyənlər də var...
- Çox şadam ki, millidə qalmağımı istəyənlər var. Amma siz də məni çox tənqid etmisiniz...

- Tək siz yox, bütün milli komandaların baş məşqçiləri tənqidlə üzləşir...
- Tənqid etmək sizin haqqınızdır.

- Sizinlə müqavilənin uzadılmamağı istisna deyil. Əgər milli komandamızdan ayrılsanız, postunuzda kimi görmək istəyərsiniz? Ümumiyyətlə, Azərbaycan yığmasında yerli, yoxsa əcnəbi məşqçi işləməlidir?
- Bununla bağlı AFFA qərar verəcək.

- Milli komanda Albaniyadan Almaniyaya yollanır. Berlindəki toplanışda neçə futbolçu iştirak edəcək?
- Sözsüz ki, ilk növbədə yeni futbolçularla tanış olmaq istəyirəm. Bildiyiniz kimi, biz Berlində ikitərəfli oyun keçirəcəyik. “Berlin Union” komandası bizə dəvət göndərib, bütün xərclərimizi də məhz onlar ödəyəcəklər.

- Vaqif Cavadov haqda çox yazıldı. O, aldığı 1 illik cəza ilə bağlı fikirlərini də bildirib. Ola bilərmi ki, Cavadovun yığmaya qayıdışı 1 ildən daha tez olsun?
- Mən, ümumiyyətlə Vaqif haqda danışmaq istəmirəm. Vaqif mövzusu mənim üçün qapanıb. Komandanı çətin vəziyyətdə qoyub gedən futbolçu bizə lazım deyil.

- Siz AFFA rəhbərliyi ilə görüşdə hesabat verəcəksiniz. Son 2 ildə millimizdə gördüyünüz işdən razısınız, yoxsa narazı?
- Xeyr, razı deyiləm. İşimdən razı qalmamışam. Çünki son seçmə mərhələdə daha çox xal yığacağımızı gözləyirdim. Futbolçuların fiziki durumu əvvəlki illərlə müqayisədə son vaxtlar daha pis olub. Futbolçular həm klublarında, həm də öz üzərlərində az işləyiblər. Onu da deyim ki, mənə hazırlıq üçün əvvəllər olduğu kimi, son vaxtlar yetərincə vaxt verilməyib. Milli komandanı istəyim vaxt bir araya gətirmək üçün PFL mənə imkan yaratmayıb. Sizə misal çəkim: “Qarabağ” Avropa Liqasında oynayanda çempionatda ilk turun oyunu təxirə salınmışdı. Bütün bunlar hiss olunur. Yəni, mənə 2 il öncəki kimi hazırlıq üçün vaxt ayrılmır. Bu da futbolçuların oyununda özünü göstərir.

- Bəlkə bu, “Qarabağ”ın Avropa Liqasında yaxşı nəticə göstərməsi ilə bağlıdır?
- “Qarabağ” yaxşı hansı nəticə göstərib ki? Kimi udub? Rəqiblərin adlarını deyə bilərsiniz?

- Hər halda, 2-3 mərhələ adlayıb...
- Aydındır, bəs hansı komandaları məğlub edib?

- “Rusenborq” və “Visla” kimi komandaları...
- Onda görün, biz hansı komandalara qarşı oynayıb qələbə qazanmışıq, hansı komanda ilə heç-heçə etmişik.

- Belə çıxır ki, PFL “Qarabağ”la milli komanda arasında ayrı-seçkilik yaradır?
- Özünüz nəticə çıxarın...

- Bayaq vurğuladınız ki, millimiz daha çox xal toplaya bilərdi. Deməli, komandamızın perspektivi var...
- Bizim komanda gəncdir. Sözsüz ki, peşəkar futbolçu öz üzərində işləməlidir. Mən sizə həmişə deyirəm ki, futbolçuları tərifləməyin. Siz işinizə görə ayda 1000 manat, futbolçu isə 10 dəfə sizdən çox qazanır. Amma sual verirəm: futbolçu gün ərzində sizdən 10 dəfə çox çalışır?

- Futbolçuların milliyə hazır gəlmədiyini söylədiniz. Amma “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də iddia edir ki, futbolçuları millidən artıq çəki ilə qayıdırlar. Kimə inanaq?
- Mənim həmkarım cənab Rednik çox yaxşı insandır, amma belə söz deməsinə inanmıram.

- Deməsəydi, bu haqda sual verməzdik...
- Millinin düşərgəsində futbolçuya ancaq lazım olan yeməklər verilir.

İxtiyar ƏSGƏROV
TİRANA