TFF Qus Hiddinklə Oğuz Çətinin qovulmağına qərar verdi
12.11.2011 - 12:01
TFF Qus Hiddinklə Oğuz Çətinin qovulmağına qərar verdi
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın Avro-2012-in pley-off mərhələsində Xorvatiya yığmasına evdəki böyük hesablı məğlubiyyətdən (0:3) sonra toplantı keçirib. Apasport.az saytının məlumatına görə, TFF rəhbərliyi hollandiyalı baş məşqçi Qus Hiddinklə türkiyəli köməkçisi Oğuz Çətini qovmağa qərar verib. İstanbulda “Türk Telekom Arena”da görüş Türkiyə futbolu adına utandırıcı gecə sayılıb və bunun əsas günahkarları bu 2 məşqçi sayılır. Stadiondakı azarkeşlər belə nəticədən qəzəblənərək, əvvəl Çətini, ardından Hiddinki istefaya çağırıblar.

Hollandiyalı mütəxəssisin Türkiyə yığmasında il yarımlıq fəaliyyətində heç bir fayda vermədiyini düşünən TFF rəhbərliyi onunla Çətinin gələcək taleyini 1 saat müzakirə edib və istefaya göndərmələrinə daha məqsədəuyğun sayılıb. Hətta “ay-ulduzlular”ın noyabrın 15-də Xorvatiya yığması ilə səfər oyununa digər baş məşqçinin rəhbərliyi altında çıxmağı gündəmə gəlib. Ancaq sonda belə qərara alınıb ki, Hiddink-Çətin cütlüyü son dəfə yığmanın başında Zaqrebdəki cavab matçında olsunlar.

Artıq alternativ baş məşqçi də var ki, bu, uzun müddətdir namizədliyi gündəmdə olan Abdulla Avçıdır. TFF-in “İstanbul Böyükşəhir Bələdiyyəspor”un baş məşqçisini yığmanın sükanı arxasına gətirməyə razılıq verdiyi bildirilir. Gələn çərşənbə axşamı keçiriləcək oyundan sonra bununla bağlı yekun açıqlama veriləcək. TFF prezidenti Mehmet Ali Aydınlar toplantıdan sonra gözləməyi üstün tutub: “Hələ alınan bir qərar yoxdur. Çərşənbə günündən sonra danışacağıq”.
0