Kamran Ağayev: “Xəzər Lənkəran” məni çıxarsa, 6 ay evdə oturacağam
12.11.2011 - 13:36
Kamran Ağayev: “Xəzər Lənkəran” məni çıxarsa, 6 ay evdə oturacağam
“Xəzər Lənkəran”dan çıxarılmağımla bağlı yayılan məlumatlar əsassızdır. Mənə klubumdan heç kim “get” deməyib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Milli komandamızın da əsas qapıçısı olan Kamran jurnalistlərlə görüşərək, son günlərdə haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib. Qapıçının sözlərinə görə, “Xəzər Lənkəran” onu transferə çıxaracağı halda, qış fasiləsində başqa kluba keçmək fikri yoxdur: “Mən hələ də özümü “Xəzər Lənkəran”ın futbolçusu sayıram. Klubum məni sıralarından çıxararsa, gedib, evimdə oturub, mövsümün sonunu gözləyəcəyəm. Yəni 6 ay ona görə oynamayacağam ki, “Xəzər Lənkəran”la müqaviləm bitsin. Bundan sonra da yenə ilk olaraq indiki klubumla danışacağam. Onda mənimlə müqaviləni uzatmaq istəməsələr, başqa kluba keçməli olacağam. Fikrim xaricdə oynamaq, Avropaya getməkdir”.

Ağayev “Xəzər Lənkəran”ın prinsipial rəqibi olan “Neftçi”yə keçməyə hazırlaşmadığını bildirib: “Mənim qətiyyən belə fikrim yoxdur. Bu, 3-4 ildən sonra mümkün ola bilər. Onda da “Xəzər Lənkəran”ın halallığını alıb, “Neftçi”yə keçərəm”.

“Xəzər Lənkəran” qapıçısının ötən turda səfərdə “Neftçi”yə 0:5 hesabı ilə uduzduqları səfər oyununa çıxmaqdan imtina etdiyini rəsmən açıqlayıb. Lənkəranlılar Kamranın zədəli olmağı ilə bağlı dediklərinin doğru olmadığını bildirib. Ancaq futbolçu bununla razılaşmır: “Niyə bunu oyundan sonra deyirlər? Nə üçün oyundan əvvəl demirdilər? Məni zədəyə görə “Neftçi” ilə matçdan 3 gün öncə Gömrük Xəstəxanasına müayinə göndərmişdilər. Meniskimdə yırtıq var, bunu xəstəxanadan soruşa bilərsiniz”.