Foqts daha 4 futbolçuya dəvət göndərdi
12.11.2011 - 14:25
Foqts daha 4 futbolçuya dəvət göndərdi
Azərbaycan milli komandasının heyətindən daha 2 futbolçu kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Albaniya yığmasına Tiranada 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündən sonra Mahir Şükürov, Branimir Subaşiç, Vladimir Levinlə yanaşı, müdafiəçi Rail Məlikov və hücumçu Elşən Məmmədov bu gün düşərgəni tərk edərək, Bakıya qayıdacaqlar. Ancaq onların arasında yarımmüdafiəçi Rəşad Sadiqov olmayacaq. Albanlarla oyunda “Qarabağ”dakı komanda yoldaşı, hücumçu Rauf Əliyevə məhsuldar ötürmə verən Rəşadın yığmada saxlanılmağa qərar verilib.

Albaniyada təlim-məşq toplanışını yekunlaşdıran millimiz bu gün Almaniyaya yollanır. Berlində təlim-məşq toplanışı çərçivəsində noyabrın 15-də II Bundesliqa təmsilçisi “Union Berlin”lə yoldaşlıq görüşü keçirəcəyimiz məlumdur. Bu oyununun test xarakterli olduğu nəzərə alınaraq və gələcəkdə millidə çıxış etmək ehtimalı böyük olan gənc futbolçuların təcrübə toplaması məqsədilə komandanın heyətində dəyişiklik edilib. Hazırda Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızın futbolçularından Amit Quluzadə, Bədavi Hüseynov, Rizvan Umarov və milliləşdirilən türkiyəli Cihan Özkara millinin düşərgəsinə yollanacaq.

Mənbə: affa.az
0