UEFA Azərbaycan klublarının qarşısına sədd çəkdi
13.11.2011 - 16:22
UEFA Azərbaycan klublarının qarşısına sədd çəkdi
UEFA Bolqarıstan klublarının təşəbbüsü ilə yaradılması nəzərdə tutulan Cənub-Şərqi Avropa Liqası ideyasına rəsmi münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu Azərbaycan klublarının da dəvətli olduğu yarışın qarşısında qırmızı işıq yandırıb. Belə ki, UEFA ayrı-ayrı regional turnirin təşkil olunmasına qarşı çıxıb. Bu, qurumdan Bolqarıstan Futbol İttifaqına gələn rəsmi məktubda əks olunub.

UEFA onları tədbirə dəvət edən bolqar klublarının təklifinə “yox” deməklə yanaşı Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylova da tövsiyəsini edib. Onlar qurum başçısının klub rəhbərlərinin liqanı yaratma ilə bağlı yığıncağına qatılmamağa səsləyib.

Qeyd edək ki, ötən ayın 15-də Bolqarıstan paytaxtı Sofiyada yerli klubları bir araya yığan MOİK Balkan Liqasının yaradılması ideyasını irəli sürmüşdü. Lakin bolqar klubları bu təklifi daha da genişləndirmək niyyətini ortaya qoydu. Balkan yarımadasının təmsilçiləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Ukrayna və Rusiya komandaları da yeni liqada mübarizə aparacaq.

Bölgənin öz ölkələrindən isə Yunanıstan böyük ehtimalla yarışa qatılmayacaq. Əvəzində Bolqarıstan, Türkiyə, Rumıniya və Serbiya klubları bu ideyanı dəstəkləyir. Yalnız “Partizan” yeni liqada oynamaqdan imtina edib.