Yeni futbol liqasında Azərbaycanı “İnter” təmsil edəcək
13.11.2011 - 20:30
Yeni futbol liqasında Azərbaycanı “İnter” təmsil edəcək
Bolqarıstan klublarının təşəbbüsü ilə yaradılan Cənub-Şərqi Avropa Liqasının təsisi ilə bağlı yığıncaq noyabrın 15-də keçiriləcək. Apasport.az saytının məlumatına görə, artıq iclasa dəvət olunan klubların siyahısı da açıqlanıb. UEFA-nın tanımadığı yarışda Azərbaycanı Bakının “İnter” klubu təmsil edəcək. Klubun prezidenti Georgi Nikolov tədbirə dəvətlilər sırasındadır.

İkiqat Azərbaycan çempionundan başqa Rumıniyanın “Dinamo”, Serbiyanın “Voyvodina”, OFK, təşkilatçılardan isə Bolqarıstan MOİK-i və “Lokomotiv” (Plovdiv), həmçinin Serbiya “Srvena Zvezda”sı tədbirə qatılacaq. Yunanıstanın “Olimpiakos”, AEK və Serbiyanın “Partizan” klublarının imtina etdiyi yarışla bağlı bəzi komandalar hələ qərar verməyib. Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları hələ rəsmi təklifə cavab verməyənlər sırasındadır.

Qeyd edək ki, sabah Bolqarıstana yığışacaq klub rəsmiləri birisi gün Sofiyanın “Park Otel Vitoşa” otelində bir araya gələcək.