Foqtsu millimizdən həmyerliləri yola salır?
14.11.2011 - 12:02
Foqtsu millimizdən həmyerliləri yola salır?
Azərbaycan millisi sabah 2011-ci ildə son oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts ilə vətənində II Bundesliqa təmsilçisi “Union Berlin”lə yoldaşlıq görüşüylə yekun vuracaq.

Əslində, millimizin Berlin təmsilçisi ilə oyunu daha çox məşq xarakterli olacaq. Təsadüfi deyil ki, futbolçularımız sabahkı matça meydana məşq formasında çıxacaqlar. Çünki yığma ilə klubun görüşünün nəticəsi rəsmi olaraq heç yerdə tanınmır. Sadəcə, noyabrın 15-i FİFA təqvimində beynəlxalq görüşlər üçün nəzərdə tutulub və yığmamız həmin tarixdən istifadə etməli idi.

Kiprlə səfərdə razılaşdırılan yoldaşlıq görüşünün qarşı tərəfin imtinası üzündən baş tutmamağı planlarımızı pozdu. Belə olan halda, rəqib qismində yığma tapa bilməyən millimiz klubla oynamalı oldu. Foqts albanlarla Tiranadakı yoldaşlıq görüşündən (1:0) sonra komandanı Berlinə təlim-məşq toplanışına apardı.

Yığmamız Almaniya paytaxtında bir sıra futbolçuları sınaqdan keçirəcək. Foqts təcrübəli futbolçular – Mahir Şükürov, Vladimir Levin, Branimir Subaşiç, Rail Məlikov və Elşən Məmmədovu heyətdən kənarlaşdıraraq, Bakıya göndərdi. Onların əvəzinə Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızın 4 üzvü millimizin düşərgəsinə cəlb olundu. Bunlar müdafiəçi Bədavi Hüseynov, yarımmüdafiəçi Amit Quluzadə və hücumçular Rizvan Umarovla Cihan Özkaradır. Foqts belə oyunda gənc futbolçuları sınamağı daha üstün tutub.

“Union Berlin”lə oyun qeyri-rəsmi xarakter daşısa və nəticəsi sayılmasa da, istənilən halda, 2011-in son akkordu olacaq. Bu il son rəsmi matçımızda səfərdə Albaniyanı məğlub edən millimiz Almaniyanın aşağı divizion təmsilçisinə qalib gəlməyə sadəcə, borcludur. Özü də bu, Foqtsun 2008-ci ilin aprelindən rəhbərlik etdiyi yığmamızda son oyunu ola bilər. Çünki 65 yaşlı çalışdırıcının AFFA ilə bağladığı müqavilənin müddəti bitir və onun uzadılıb-uzadılmayacağına qurumun İcraiyyə Komitəsinin yaxın vaxtda keçiriləcək iclasında qərar veriləcək. Əgər Foqtsla yeni müqavilə bağlanmazsa, deməli, onu millidən elə həmyerliləri yola salacaq.

Düzdür, təcrübəli mütəxəssisin müqaviləsi ilin sonuna kimi olduğundan, gələn ay Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. İstənilən halda, Foqts “Union Berlin”lə oyundan sonra vətənində qalaraq, dekabrın əvvəlində ölkəmizə qayıdacaq.

Qeyd edək ki, II Bundesliqanın ortababı ilə Bakı vaxtilə saat 21:30-da başlayacaq oyunumuzu idarə edəcək hakimlərin adları hələ açıqlanmayıb.
0