“Sonra da deyirdilər ki, yaxşı oynamısansa, bəs niyə uduzmusunuz?”
14.11.2011 - 12:24
“Sonra da deyirdilər ki, yaxşı oynamısansa, bəs niyə uduzmusunuz?”
“Məşqdə zədələnmişdim. Süni meydançada məşq edən zaman belimdə ağrılar var idi. Yığmanın həkimi baxdı, oynamamağımı məsləhət gördü”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.

Albaniya ilə matçdan öncə zədələndiyi məlum olan futbolçu görüşdə iştirak etməyib. Belində ağrılar hiss edən müdafiəçinin bu duruma düşməsinə əsas səbəb meydanın süni örtüklü olmasıdır. Oyundan sonra vətənə dönən Şükürov 2 günlük istirahətin ardından klubun düşərgəsinə yollanacaq.

O, müalicəsini də klubda davam etdirəcək: “Hələ ki dincəlirik. Yığmadan döndüyümüzə görə, bizə 2 günlük istirahət veriblər. Kubun düşərgəsinə döndükdən sonra müalicəmi orada həyata keçirəcəm”.

Albaniya ilə matça da toxunan müdafiəçi nəticənin daha vacib olduğunu vurğulayıb: “Elə vaxt olub ki, yaxşı oynamışıq, amma məğlub olmuşuq. Sonra da deyirdilər ki, yaxşı oynamısansa, bəs niyə uduzmusunuz? Albaniya ilə matçın birinci hissəsində top saxladıq, qol vurduq. Fasilədən sonra isə müdafiəyəmeyilli oynadıq. Çünki hesabı qorumaq istəyirdik”.

Baş məşqçi Berti Foqts yetirmələrinin bu cür addım atmasından narazılığına gəldikdə, Şükürov bunun normal olduğunu qeyd edib: “Fasilədən sonra müdafiəyə çəkilməyimiz sırf hesabı qorumaq üçün idi. İkinci hissədə çox hücum etmədik. Düzdür, müəyyən şanslarımız oldu. Komanda səfərdə qələbə qazanmaq istəyirdi. Bugünkü futbolda əsas nəticə qazanmaqdır. Biz də bunu etdik”.
0