“Turan”da qarşıdurma
14.11.2011 - 13:50
“Turan”da qarşıdurma
“Turan” klubunda hadisələr yenə kulminasiya nöqtəsinə çatıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqada yaranmış fasilədən istifadə edərək, istirahətə çıxmış oyunçular düşərgəyə qayıtmaqdan boyun qaçırırlar.

Elita klubları növbəti oyunun hazırlıqlarını davam etdirdikləri, yoxlama görüşü keçirdiyi bir vaxtda “Turan” hələ bir araya gələ bilmir. Komandanın aparıcı futbolçuları – qapıçı Anar Nəzirov, müdafiəçilər Aftandil Hacıyev, Ayxan Abbasov, yarımmüdafiəçi Camal Məmmədov, hücumçu Nadir Nəbiyev hazırda Bakıda gözləmə mövqeyi tuturlar. Bu futbolçular artıq 3 aydan çoxdur ki, maaşlarını ala bilmirlər. Onlar özlərinə söz veriblər ki, vəziyyət belə davam etsə, artıq Tovuza qayıtmayacaqlar.

Braziliyalı hücumçu Rudison Fereyranın səbr kasası isə artıq daşıb. O, bu ilin yayından çıxış etdiyi klubu tərk edib. Gənc hücumçu klubdan ayrılması üçün qış fasiləsini də gözləməyib. Rudisonun komandadan ayrılması maliyyə məsələsi ilə bağlıdır. Maaşlarını ala bilməyən legioner bu vəziyyətdə Azərbaycanda qalmaq istəməyib.

Bütün bunları nəzərə alan klub prezidenti Musa Süleymanov dünən etirazçı futbolçuları qəbul edib. Bakıda baş tutan görüşdə ortaq məxrəcə gəlmək mümkün olmayıb. Süleymanov bildirib ki, futbolçulara maaşın tam hissəsini vermək iqtidarında deyil. Odur ki, futbolçular fikirlərində qalaraq, Tovuza qayıtmamağa qərar veriblər.

Bu gün baş məşqçi Əsgər Abdullayevlə klub prezidentinin daha bir görüşü nəzərdə tutulub. Məlumata görə, baş məşqçi özü də bu vəziyyətdə Tovuza qayıtmaqdan boyun qaçırır.

Qeyd edək ki, autsayderlər qrupunda qərarlaşan “Turan” noyabrın 20-də paytaxtda “Bakı”nın qonağı olacaq.