Saşa Stamenkoviç: AFFA millinin şərəfini qorumağımda maraqlıdır
14.11.2011 - 16:49
Saşa Stamenkoviç: AFFA millinin şərəfini qorumağımda maraqlıdır
“Neftçi” klubunun futbolçusu Saşa Stamenkoviçin Azərbaycan yığmasında oynaması gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı serbiyalı qapıçının 4 ayda ölkəmizdə özünü yaxşı tərəfdən göstərməsi AFFA rəhbərliyinin də diqqətindən yayınmayıb. Belə ki, yığmamıza da kömək etməsi üçün Stamenkoviçin milliləşməsi nəzərdə tutulub.

Elə Saşa da bunu təsdiqləyib: “Bəli, milliləşmək məsələsinin gündəmə gəlməsi həqiqətdir. Federasiya Azərbaycan yığmasının şərəfini qorumağımda maraqlıdır. Ancaq hələ bu haqda danışmaq tezdir. Əgər mənə rəsmi təklif gələrsə, hər şey haqda fikirləşəcəyimə əminəm”.

Stamenkoviç Serbiya yığmasına çağırılacağına ümid etmir: “Mən “Srvena Zvezda”da yaxşı oynayanda, yığmamızdan dəvət almağım mümkün idi. Lakin Azərbaycana gedəndən sonra Serbiya millisi ilə bağlı kitabı bağladım. Başa düşürəm ki, indi Serbiya millisində başqalarının dövrüdür. Hərçənd, həyatda 1 günə hər şey dəyişə bilər. Ancaq bilirəm ki, vətənimdən təklif almayacağam. Buna görə, Azərbaycan yığmasında oynamaq variantını nəzərdən keçirəcəyəm”.

Qeyd edək ki, Stamenkoviçə qədər millimizdə 1 serbiyalı futbolçu olub. Bu, milliləşən hücumçu Branimir Subaşiçdir. Elə o da, Saşa kimi “Neftçi”də oynadığı vaxt milliləşib.