Rəşad Abdullayev AFFA-dan əl çəkmir
14.11.2011 - 17:22
Rəşad Abdullayev AFFA-dan əl çəkmir
“Qərar bir qədər ağır oldu. Biz daha əvvəl də belə hallara rast gəlmişik. Bir neçə dəfə olub ki, futbolçuların cəzası sonradan Apellyasiya və Ekspert Komitəsində yüngülləşdirilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Abdullayev deyib.

30 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin qərarına münasibət bildirib. O, İntizam Komitəsinin 4 oyunluq cəzasını qüvvədə saxlayan qurumdan narazı qalıb: “Ümid edirdim ki, mənə də güzəşt olunacaq. Ən azı yığmaya namizəd futbolçuyam. Üstəlik, hamı gördü ki, rəqib futbolçu ilə həmin epizoddan dərhal sonra qucaqlaşıb, bir-birimizin əlini sıxdıq. Qalan dəqiqələrdə də Şəhriyar Xəlilovla aramızda heç bir insident olmadı. Bundan başqa, klubum tərəfimdən də cəzalandırılmışam və həmin cəza ilə razıyam. Gərək, bunlar nəzərə alınaydı. Apellyasiya ve Ekspert Komitəsinə yenidən müraciət edəcəyəm. Ümid edirəm, bu dəfə cəzam yüngülləşər. Onu da demək istəyirəm ki, futbolçu karyeramda ilk dəfədir belə halla rastlaşıram".

Qeyd edək ki, Rəşad Premyer Liqanın XII turunun “Xəzər Lənkəran”la oyununda rəqibi sillə ilə vurmuşdu.