“Beşiktaş” Quti ilə müqaviləni birtərəfli şəkildə pozdu
14.11.2011 - 18:15
“Beşiktaş” Quti ilə müqaviləni birtərəfli şəkildə pozdu
“Beşiktaş” ispaniyalı ulduz futbolçusu Quti ilə bağlı yekun qərarını verib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyi ötən ilin yayında transfer etdiyi 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləsini birtərəfli şəkildə pozmağı qərara alıb. Quti dəfələrlə nizam-intizamı pozaraq, “Qara Qartallar”dan getmək istədiyini çoxdan bildirmişdi. Onun son hərəkəti məşqçilərin və rəhbərliyinin böyük narazılığına səbəb oldu. Belə ki, Quti İspaniyaya şəxsi məsələlərlə əlaqədar gedərək, sonradan məşqə təyin olunan vaxtda gəlib çıxmadı.

“Beşiktaş” müqaviləni pozduğu üçün təcrübəli futbolçuya 1,3 milyon avro təzminat ödəyəcək. Bu isə Qutinin illik müqaviləsinin yalnız yarısını təşkil edir. Yəni legioner Türkiyə klubunda 1 ilinə 2,6 milyon avro alırdı.

Qeyd edək ki, Quti kapitanlıq sarğısını da daşıdığı “Beşiktaş”ın heyətində ötən mövsüm Türkiyə kubokunun qalibi oldu.