“Gərək derbidə meydanda olaydım”
14.11.2011 - 18:17
“Gərək derbidə meydanda olaydım”
“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XII turunda “Neftçi” ilə iştirak etmədiyiniz oyun böyük söz-söhbətə səbəb oldu. Millinin düşərgəsindən qayıtdıqdan sonra klubla yaranan problemə aydınlıq gətirməli idiz. Bunun etdinizmi?
- Mən milli komandanın hazırlığına qoşulmadım. Zədə üzündən Bakıya qayıtmışam. Klub rəhbərliyi ilə olanlara aydınlıq gətirdik.

- Rəhbərlik bu gün sizi klubun ofisinə çağırmışdı?
- Bəli, görüş oldu. Bilirsiniz, bəzi xəbərlər yayılır ki, bunların haradan çıxmasını mən bilmirəm. Baş məşqçi Mirça Rednik “Neftçi” ilə oyunda meydanda olmağımı istəyib. Mən də zədə ucbatından bunu edə bilməmişəm. Belə baxıram ki, oynamaq olardı. Ancaq bir şey də var ki, zədəli vəziyyətdə özünü 100 faiz göstərə bilmirsən. Gərək meydanda olaydım. Səhvdən heç kəs sığortalanmayıb.

- Zədəli olduğunuzu deyirsiniz. Klub isə oynamamaq üçün ciddi zədənizin olmadığını bildirib...
- Zədə var, sadəcə, əməliyyat olunası deyil. Zədənin ciddisi, qeyri-ciddisi olmur ki. Ayağım ağrıyırdı, ancaq meydana çıxmaq olardı, gərək oynayardım.

- “Neftçi” ilə matçda meydana çıxmamağına görə peşmansınız?
- Mən meydana çıxmaqdan qorxurdum. Fikirləşirdim ki, komandaya kömək edə bilməyəcəyəm.

- Amma klubun həkimi zədəli olmadığınızı sübut etməyə hazır olduğunu söyləyib...
- Həkimdir də, deyir. Ancaq ayağıma ağrı var. Həkimlə danışmışam, məni müalicə edir.

- İndi vəziyyətiniz necədir? Nə vaxt oynamağa hazır olacaqsınız?
- Hələ 1 həftə də keçməlidir. Mənə bu müddətdə istirahət lazımdır. Hazırda müalicəm gedir, həkim nə deyir, onu edəcəyəm.

- Qarşıdakı oyunlarda da komandaya kömək edə bilməyəcəksiniz?
- Qarşıda o qədər oyun var ki, kömək edəcəyəm.

- Biz yaxın gələcəyi nəzərdə tuturuq. Yəni, ilin sonuna kimi meydana qayıdacaqsınız, yoxsa...
- Onu Allah bilir. Bəlkə ayağım qırıldı. Onu bilmək olmaz. Sağalıb, meydana çıxacağam.

- Yəni “Xəzər Lənkəran”ın futbolçusu kimi, müqavilə şərtlərinə uyğun çıxışınızı davam etdirəcəksiniz...
- Mənim müqaviləm oldu-olmadı, Azərbaycandayamsa, “Xəzər Lənkəran”ın futbolçusuyam.

- Siz klubla müqavilə bağlayanda, Nizam-İntizam Məcəlləsi ilə tanış olub, onun şərtlərini qəbul etdiyinizi imzanızla təsdiqləmisiniz. “Xəzər Lənkəran” buna əsaslanıb, “Neftçi” ilə oyuna çıxmadığınıza görə sizə cərimə verməli idi...
- Ümumiyyətlə, uduzanda, kimin günahı varsa, cərimə də olmalıdır. Peşəkar futbolda belədir.

- Sizə konkret cərimə kəsilib?
- Bu, olmalıdır.

- Siz də bunu qəbul edəcəksiniz?
- Bu, normal bir şeydir. Bilirsiniz, biz bir ailə kimiyik. Amma indiyə kimi mənim başıma belə bir şey gəlməyib.

- Siz yığmamızın da əsas qapıçısınız. Tez sağalıb, oynamalısınız ki, millidə də yerinizi itirməyəsiniz. Yığmada əvəzləyiciniz Andrey Popoviç debüt matçında yaxşı təsir bağışladı, Albaniya ilə səfərdəki yoldaşlıq görüşündə qələbədə böyük əməyi oldu...
- Ümumiyyətlə, idmançı üçün tez sağalmaq vacibdir. Meydanda olmalısan. Bunun milli ilə aidiyyatı yoxdur. Mən “Xəzər Lənkəran”ın futbolçusuyam.

- Onu nəzərə tuturuq ki, klubla problem üzündən bir müddət kənarda qalsanız, yığmaya çağırılmayacaqsınız. Çünki oyun praktikası sarıdan korluq çəkəcəksiniz. Necə ki, baş məşqçi Berti Foqts son vaxtlar buna görə “Qarabağ”dakı həmkarınız Fərhad Vəliyevi milliyə çağırmır...
- Futbolun qanunu belədir. Bu, normal şeydir. Oynamasan, qıraqda qalacaqsan.

- “Neftçi”dən 5 qol buraxan Kamal Bayramova növbəti oyunlarda ən azı psixoloji cəhətdən çətin olacaq. Sizcə, o, bunun öhdəsindən gələcəkmi? Kamaldan yaşca kiçik olsanız da, təcrübəli qapıçı kimi ona nə tövsiyə etmisiniz?
- Mən Kamaldan çox oynadığıma görə təcrübəliyəm. Ancaq o, məndən yaşca böyükdür. Özünün dünyagörüşü var. Biz çempionluq üçün oynayırıq.

- Rəhbərlik artıq yeni qapıçı almaq haqda düşünə bilər. Bu məsələyə necə yanaşırsınız?
- Yeni qapıçı deyəndə ki, Kamal pis qapıçı deyil. Sadəcə, 10 oyundur oynamır, praktika baxımından problemi var. Ancaq “Neftçi” ilə oyunda belə fikirləşmirdim. Mən düşünürdüm ki, Kamal yüz faiz hazırdır, çıxacaq, yaxşı oynayacaq. Bilsəydim, belə olacaq, zədəli-zədəli çıxardım. Komandaya futbolçu, qapıçı alınsa... biz belə şeylərə qarışmırıq. Bizə nə göstərirlərsə, onu da edirik.

- Necə düşünürsünüz, “Xəzər Lənkəran”a əcnəbi qapıçı lazımdırmı? Ən azı sizinlə rəqabəti artırmaq üçün ki, bu da hər bir komandaya xeyirlidir...
- Onu rəhbərlik bilir. Bu, onların problemidir. Mənim müqaviləm var. Xaricə getməli olmasam, “Xəzər Lənkəran”da qalacağam. Nə qədər müddət lazımdır, o qədər də oynayacağam.

- FİFA-nın qaydaların görə, hər bir futbolçu müqaviləsinin bitməyinə 6 ay qalmış başqa klubla danışıq apara bilər. Sizdə belə fikir yoxdur?
- Siz onu bilin ki, mən artıq “Xəzər Lənkəran”ın uzun müddətli futbolçusuyam və 6 aya ehtiyac yoxdur. Müqaviləni artırmışam.

- Qış fasiləsində klubunuzu dəyişmək haqda fikirləşmirsiniz?
- Xaricdən təklif gəlsə, gedəcəyəm. Azərbaycanda isə yalnız “Xəzər Lənkəran”da oynayacağam. Əslində, müqavilə vacib deyil.

- Elə məqamlar var ki, sənəd daha vacibdir...
- Bizim üçün sənəd vacib deyil. O qədər olub ki, müqaviləmi 2 illik artırmışam. Xaricdə oynamaq ehtimalım olmasa, burdayam, “Xəzər Lənkəran”la 2 illik müqaviləm var. Belə götürəndə, daha çoxdur, uzunmüddətlidir. Mən gələcəkdə xaricdə oynamaq istəyirəm və təklif alaramsa, klubum gedişimə əngəl yaratmayacaq.

Mehman SÜLEYMANOV
0