“Azərbaycan çempionu olmaq Serbiyada bu titulu qazanmaqdan daha çətindir”
14.11.2011 - 18:52
“Azərbaycan çempionu olmaq Serbiyada bu titulu qazanmaqdan daha çətindir”
“Çempionlar Liqasında Zaqreb “Dinamo”suna uduzmaqla yeni mövsümə pis başlamışdıq. Bu, hətta baş məşqçi dəyişikliyinə də səbəb olmuşdu. İndi isə komandada vəziyyət stabilləşib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.

Serbiyalı legioner vətənindən olan həmkarlarımıza müsahibəsində Azərbaycandakı iddialarından danışıb: “Derbi matçında “Xəzər Lənkəran”ı 5:0 hesabı ilə udduq. Bu, sizin üçün 1:0 deyil. Komandamız 6 il idi bu rəqibi uda bilmirdi. İndi heyətimizin çox güclü olduğunu nəzərə alsaq, yeganə məqsədimiz çempion olmaqdır. Sizi inandırım ki, Azərbaycan çempionu olmaq Serbiyada bu titulu qazanmaqdan daha çətindir”.

Saşa bildirib ki, neçə ildir birlikdə olduğu teleulduz Siviya Nedelkoviç onun Bakıda darıxmaması üçün ölkəmizdədir: “Silviya mənim “Neftçi”dəki uğurum üçün bir müddət şou-biznesdən ayrılıb. Bunu mənim yanımda olmaq üçün edib. Onunla yanaşı komanda yoldaşlarım İqor Mitreski və Slavço Georgiyevski də mənim burada özümü tək hiss etməyə qoymur. Üstəlik Azərbaycanda digər idman növləri ilə məşğul olan sabiq Yuqoslaviya təmsilçiləri də az deyil”.