Uinston Parks gələn il Meksikada oynayacaq
15.11.2011 - 11:47
Uinston Parks gələn il Meksikada oynayacaq
2014-cü ildə keçiriləcək dünya çempionatının KONKAKAF zonası üzrə seçmə mərhələsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatında “Bakı”nın şərəfini qoruyan Uinston Parksın çıxış etdiyi Kosta-Rika yığmasının oyunlarının da vaxtı dəqiqləşib.

FİFA-nın Parks və komandası üçün açıqladığı təqvimə əsasən, kosta-rikalılar mundial yolunda ilk addımını gələn ilin yayında atacaqlar. İyunun 8-də Salvadoru qəbul edəcək Uinstonun komandası 4 gün sonra Qayanada meydana çıxacaq.

Ada təmsilçisinin taleyinə böyük ölçüdə sentyabrda aydınlıq gələcək. Belə ki, Kosta-Rika qrupun digər favoriti Meksika ilə sentyabrın 7-də evdə, 4 gün sonra səfərdə qarşılaşacaq.

Oktyabrın 12-də Salvadorda, 16-da isə öz meydanında Qayana ilə görüşəcək Kosta-Rika sonuncu – həlledici seçmə mərhələyə 2 vəsiqədən birinə sahib olmağa çalışacaq.