3-cü dəfə klubla: “Union Berlin”ədək keçilən yol
15.11.2011 - 12:29
3-cü dəfə klubla: “Union Berlin”ədək keçilən yol
Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi kimi, 3-cü dəfə klubla qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 2008-ci ilin aprelindən çalışdırdığı komandamızı həmyerliləri – “Union Berlin”la oyunadək “Slaviya” (Çexiya) və “Metallist”lə (Ukrayna) yoldaşlıq görüşünə çıxarmışdı.

Həmin 2 oyunu birləşdirən əsas məqam odur ki, bu qarşılaşmalar fevralda millimizin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında keçirilib. “Slaviya” ilə 2009-cu ilin fevralın 7-də, “Metallist”lə bu ilin fevralın 2-də qüvvəmizi sınamışıq. Praqa təmsilçisi həmin vaxt çempion, xarkovlular isə Avroliqanın 1/16 final mərhələsinin iştirakçısı idi.

Foqts “Slaviya” ilə oyunda start heyətində Fərhad Vəliyev (k), Rahid Əmirquliyev, Tural Nərimanov, Ernani Pereyra, Mahir Şükürov, Sergey Sokolov, Aqil Nəbiyev, Cavid Hüseynov, Fabio Luis Ramim, Araz Abdullayev və Vüqar Nadirova yer verdi. Çexlər yerli hakimlər - İbrahim Almehere, Fadel Saleh və Khmes Feruzun idarə etdiyi görüşdə hər hissədə 1 qol vura bildilər. Belə ki, “Slaviya”dan 36-cı dəqiqədə Yan Hoşek, 64-cü dəqiqədə Pavel Fort fərqləndi.

Millimizin “Metallist”lə görüşü də yerli hakimlərə tapşırıldı. Bu dəfə Sultan Abed Razaq, İsbet Abed, Handan Katr iş başında idi. Foqts onda Andrey Popoviç, Ruslan Abışov, Vurğun Hüseynov, Samir Abasov (k), Aleksandr Çertoqanov, Elnur Abdullayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Arif İsayev, Samir Zərgərov, Vaqif Cavadovu ilk dəqiqələrdən meydana buraxdı.

Abdullayev, Zərgərov və Cavadovu fasilədən dərhal sonra Fabio Luis Ramim, Elvin Məmmədov və Rail Məlikov əvəzlədi. Oyuna məşq formalarında çıxan futbolçularımız sona 5 dəqiqə qalmış buraxdıqları qolla uduzdular. “Metallist”in yarımmüdafiəçisi Denis Oleynik qələbə topunun müəllifi oldu.

Göründüyü kimi, Foqtsun yetirmələri üçün hələlik klubla görüşlər uğursuz alınıb, qol vurmadan məğlub olub. Ancaq “Union Berlin” “Slaviya” və “Metalist”dən fərqli, nəinki avrokuboklarda, heç ölkəsinin yüksək liqasında oynamır. Deməli, millimiz II Bundesliqanın ortababına qalib gəlməyə borcludur.

Klubların hər iksinə qarşı oynayan futbolçularımızdan Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) yenə millidədir və 3-cü dəfə belə matçın iştirakçısı ola bilər.

Məlum olduğu kimi, yığma ilə klubunun görüşü qeyri-rəsmi sayıldığından, onun nəticəsi heç yerdə qəbul olunmur. Bu isə avtomatik klubla görüşən futbolçunun yığmadakı göstəricisinin nəzərə alınmadığı deməkdir. Necə ki, “Neftçi”nin müdafiəçisi Tural Nərimanov “Slaviya” ilə, “Xəzər Lənkəran”la “İnter”in yarımmüdafiəçiləri - Elnur Abdullayevlə Samir Zərgərov (həmin vaxt “Gəncə”də oynayırdı) “Metallist”lə matçda oynasa da, millimizdə hələ debüt etməyən futbolçular sayılır.

İndi onların davamçıları olacaq. Foqtsun Tiranaya apardığı heyətdə 2 debütant vardı ki, qapıçı Andrey Popoviçlə yarımmüdafiəçi Nizami Hacıyevi Albaniya yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz oyunda meydana buraxmaqla, “siftə”lərini reallaşdırdı. Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızın 4 futbolçusu – müdafiəçi Bədahi Hüseynov, yarımmüdafiəçi Amit Quluzadə, hücumçular – Cihan Özkara ilə Rizvan Umarov millimizin düşərgəsinə dəvət olunub. Deməli, onlar “Union Berlin”lə bu gün Bakı vaxtilə saat 21:30-da başlayacaq matçda meydana çıxsalar, əsas yığmada oyunları sayılmayacaq. Həmin “dördlük”dən yalnız Amit millimizdə oynayıb, 3 milliləşdirilən legioner hələ belə imkan qazanmayıb.

Mehman SÜLEYMANOV
0