“İnter” İEFL-ə qoşulmaq üçün 3 min avrosundan keçdi
15.11.2011 - 13:45
“İnter” İEFL-ə qoşulmaq üçün 3 min avrosundan keçdi
Bu gün təsis yığıncağı keçiriləcək Şərqi Avropa Futbol Liqasının (İEFL) əsasnaməsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilkin variantda Balkan Liqası olan, lakin genişləndikdən sonra Cənub-Şərqi Avropa Liqası kimi yaranması gündəmə gələn qurum sonra “Cənub” ifadəsindən imtina edib.

MOİK-in (Bolqarıstan) təşəbbüsü ilə yaradılacaq və bu ölkə ilə yanaşı, Yunanıstan, Rumıniya, Serbiya, Türkiyə, Rusiya, Moldova, Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan və Ukrayna klublarını birləşdirəcək İEFL-də ölkəmizi “İnter” təmsil edir.

Yeni qurumun sənədlərində bildirilir ki, ümumi əhalisi 351 milyonu keçən bu 12 ölkənin futbol klublarının inkişafı üçün yenilik zəruridir. Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çətinliklə düşən şərq ölkələrində futbola və yarışlara maraq bu üzdən aşağı düşüb.

Yeni liqa və onun təşkilatçılığı ilə keçiriləcək “Sponsorlar kuboku” isə bu məsələdə Şərqi Avropa klublarına yardım edəcək. Bölgənin istənilən klubu üçün üzvlük haqqı 3 min avrodur. Bu isə o deməkdir ki, ikiqat Azərbaycan çempionu “İnter” İEFL-ə qoşulmaq üçün artıq belə məbləğdən keçib.