“Xəzər Lənkəran”dan 2 dəfə qaçan legioner millimizə qarşı
15.11.2011 - 14:20
“Xəzər Lənkəran”dan 2 dəfə qaçan legioner millimizə qarşı
Azərbaycan yığmasının bu gün Berlində yoldaşlıq görüşü keçirəcəyi Almaniyanın “Union Berlin” klubunda lənkəranlılara yaxşı tanış olan futbolçu var. Apasport.az saytının məlumatına görə, bu, “Xəzər Lənkəran”ın yanvarda Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışında baxışa çağırdığı almaniyalı yarımmüdafiəçi Jerom Polenzdir.

Berlində anadan olan 24 yaşlı futbolçu 2006-07-ci illərdə “Verder”in heyətində Bundesliqada 3 oyun keçirib. Polenz ötən ildən şərəfini qoruduğu “Union Berlin”ə kimi “Allemaniya”da oynayıb və II Bundesliqada 57 matçda meydana çıxıb. O, Almaniyanın U-19 yığmasında 3, U-20-də 1 oyunda forma geyib.

Jerom ötən qışda Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu ilə yoxlama oyununda yaxşı təsir bağışlamış, hətta 32-ci dəqiqədə “Xəzər Lənkəran”ın matçda (1:2) yeganə qolunu vurmuşdu. Ancaq Polenz həyat yoldaşının istəyi ucbatından karyerasını ölkəmizdə davam etdirə bilməyəcəyini bildirdi. Belə ki, futbolçunun xanımı Azərbaycanda yaşamaq istəməyib.

Bu zaman Avstriyadan aldığı təklifi dəyərləndirmək üçün ora yollanan almaniyalı tezliklə fikrini dəyişərək, “Xəzər Lənkəran”ın düşərgəsinə qayıtdı. Ukraynanın “Zarya” klubu ilə yoxlama matçında da (1:3) oynayan Jerom bəyənildiyindən, lənkəranlılar onunla müqavilə bağlamağa hazırlaşırdı. Ancaq legioner yenidən qaçaraq, cənub təmsilçisində oynamaq perspektivinin üstündən birdəfəlik xətt çəkdi. İndi Polenz doğma şəhərinin komandasının heyətində millimizlə, “Xəzər Lənkəran”dan yaxşı tanıdığı futbolçularla görüşmək imkanı qazanıb. Söhbət hazırda yığmamızın düşərgəsində olan müdafiəçi Elnur Allahverdiyevlə yarımmüdafiəçi Rahid Əmirquliyevdən gedir.

Qeyd edək ki, “Union Berlin”in heyəti əsasən yerli futbolçulardan təşkil olunub. Ancaq onların arasında bir sıra ölkələrdən, o cümlədən Braziliyadan, Kamerundan, Fransadan, İrlandiyadan legionerlər var. Türkiyəli hücumçu Xəlil Savran isə Berlin təmsilçisinin bir sıra legionerləri kimi ikili vətəndaşlığa, yəni Türkiyə və Almaniya pasportuna malikdir.

Mehman SÜLEYMANOV
0