Ramiz Məmmədov: Qoy uduzsunlar...
15.11.2011 - 14:50
Ramiz Məmmədov: Qoy uduzsunlar...
“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının Albaniya ilə görüşünü izlədinizmi?
- Təbii ki, baxmışam.

- Demək olarmı ki, millimizin ən azından sabit hücumçusu var?
- Bu gün millinin heyətində sabit oynayan, ürəkli futbol nümayiş etdirən futbolçu var. Artıq bilirsən ki, bir futbolçumuz var və qol vuracaq. Bu, Rauf Əliyevdir, onu təbrik edirəm. Əlbəttə ki, albanlara vurulan qolda Rəşad Sadiqovun da əməyini unutmaq olmaz.

- Tiranadakı qarşılaşmada 2 fərqli hissə izlədik. 1:0 hesabı ilə qalib gəldiyimiz oyunla bağlı qənaətiniz necədir?
- Həmin matçın üstünə çox getmək lazım deyil. Artıq Azərbaycan çempionatında ilk dövrəyə yekun vurulub. Futbolçuların çoxunda yorğunluq hiss olunur. Eyni zamanda, albanlar da görüşə tam ciddi yanaşmırdılar. Amma millimizin qələbəsinə kölgə salmaq düzgün olmaz. Uşaqlar əziyyət çəkdilər. Komandamızın ifasında 15 dəqiqə yaxşı futbol gördüm. Hesab 1:0 olandan sonra isə bir qədər geri çəkildik. 2-ci qolu vurmaq üçün inam formalaşdırmaq lazımdır. Qələbə qazandıq, uzaqbaşı reytinq cədvəlində bir qədər irəliləyəcəyik. Mənə elə gəlir ki, bizim futbolçularda oyunu, psixologiyanı dəyişdirmək lazımdır. Əgər Ermənistan yığması seçmə mərhələdə Slovakiyanın qapısına 4 qol vurursa, niyə biz eyni aqibəti Albaniyaya yaşatmayaq? Gərək belə oyunlarda özümüzü yoxlayaq görək, gücümüz nəyə çatır. Niyə həmişə müdafiə olunmalıyıq?

- Fikirlərinizdən belə qənaətə gəldik ki, yığma oyun üslubunu dəyişməlidir...
- Əgər qol vurmuşuqsa, deməli, bunu bacaran futbolçularımız var. Onların özünəinam hissi yüksəlməlidir. Qoy, 2-ci qolu vursunlar. Gəlin, açıq futbol oynayaq. Bəlkə də, Azərbaycanda qalıb işləmək üçün Foqtsa bu qələbə vacib idi ki, jurnalistlərin gözündə ucalsın. Amma biz fəaliyyətinə görə, istənilən halda, Foqtsa “sağ ol” deməliyik. Foqts Azərbaycanda donmuş buzları bir qədər əridib. Bu, uşaq futbolunda, azyaşlılar arasında keçirilən yarışlarda özünü göstərib. Məhz Foqtsun gəlişindən sonra belə çempionatlar kütləvi şəkil alıb. Onun əməyi var, çox gözəl, amma onun məvacibi də verilib. Onu bura gətirənlə sağ olsunlar ki, Azərbaycanın bilmədiyi işlərə Foqts bir qədər təkan verdi. Yığmamızda Foqtsun yanında bu gün bizim qardaşlarımız işləyir. Vəli Qasımov, Yaşar Vahabzadə, Təbriz Həsənov onun yanında öyrənirlər. Azərbaycan futbolu gələcəkdə bundan bəhrələnəcək.

- Həmin oyunda yığmamızın start heyətində 5 əcnəbi futbolçu var idi. Bu fakt oyunun amalı ilə üst-üstə düşürmü?
- Branimir Subaşiç, Vladimir Levin, Aleksandr Çertoqanov, Andrey Popoviç və Ufuk Budak heyətdə yer almışdı. Bunu hər zaman deyirəm. Ermənistan millisində cəmi 1-2 legioner çıxış edir. Amma 5 nəfər... Levin artıq neçə ildir ki, Azərbaycanda oynayır. Peşəkar futbolçudur, sözümdən inciməz. Onun da artıq vaxtı yetişib. Levinin mövqeyində Vurğun Hüseynov kimi azərbaycanlı gənc oynaya bilər. Deyək ki, Subaşiç hələ bizə kömək etmək iqtidarındadır. Amma istənilən halda, yerli uşaqları milliyə alışdırmaq vacibdir. Qoy uduzsunlar, amma özlərinə inansınlar ki, mən oynaya bilərəm.

- Son vaxtlar Foqtsun komandamızda gələcək taleyi müzakirə olunur. Bəziləri millinin baş məşqçisi postuna yerli, bəziləri digər əcnəbi mütəxəssis təklif edir...
- Bu gün həm Azərbaycanda, həm də Avropada uğura imza atmış məşqçimiz var. Məsləhət görərdim ki, Yunis Hüseynovdan, Nazim Süleymanovdan istifadə edək. Onlar yenə yaddan çıxırlar. Ağasəlim Mircavadovun böyük praktikası var.

- Özünüzü millidə çalışmağa hazır sayırsınızmı?
- Açığı, yığmada işləmək hər bir vətəndaş kimi mənim üçün də şərəf olar. Yəni, həmin gücü özümdə hiss edirəm. Amma yığmanın baş məşqçi postuna haradasa işləyə-işləyə gəlmək daha məqsədəuyğundur. Yeri gəlsə, işləmək gücündəyəm. Gələcəkdə, 1 ildən, 5 ildən sonra hər hansı bir klubda çalışa-çalışa, bu yükün altına girməyə hazırıq.

- Ölkəmizdə son klubunuz “Qəbələ” olub və bu komanda ən yaxşı nəticəsini sizin vaxtınızda əldə edib. Necə fikirləşirsiniz, artıq Toni Adamsdan nəticə tələb etməyin vaxtı deyilmi?
- Mən o işə qarışmaq istəmərəm. Klub rəhbərliyi var. Komandanı Tale Heydərov yaxşı formada idarə edir. Şəxsən mənim ondan nəsə tələb etməyim yersizdir.

- Bir şeyi də nəzərə alaq ki, hazırda Toni Adamsın ixtiyarında daha sanballı heyət var...
- Yəqin ki, bunu azarkeşlər, klub rəhbərliyi, futbol mütəxəssisləri də bilir. Mənim vaxtımda elə də böyük vəsait ayrılmırdı. Amma buna rəğmən, mənim həyatda çılğın olmağım, prinsipial mövqe tutmağım, istəyin hesabına nəticə qazanırdım. Bəlkə də, mən həyatda şanslı insan olmuşam. Amma nizam-intizam məsələsinə üstünlük verməyimi Əsgər Abdullayev də bilir, Vaqif Sadıqov da Ağasəlim Mircavadov da. Mən Toni Adamsa ancaq uğurlar arzulaya bilərəm.

- Sizi nə vaxt fəaliyyəti bərpa olunmuş məşqçi kimi görə bilərik?
- Gözlədiyim variantlar var. “Transfer pəncərəsi” açıq olan zaman, bu məsələ həllini tapmalıdır.